17 Aprel 2015 15:08
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərviz Heydərov: “"Bu kreditlər aqrar sahənin inkişafına böyük köməkdir"

Sahibkarlığın inkişaf etdirilməsinə görə güzəştli kreditlərin verilməsi üçün bu il dövlət büdcəsindən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 100 milyon manat vəsait ayrılıb. Bu, ötən illərlə müqayisədə nisbətən kiçik göstəricidir. Təkcə ötən il fondun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılan vəsait olmaqla 295 milyon manat güzəştli kredit verilib və bununla 12500-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, güzəştli kreditlərin 78 faizinin regionlara yönəldilməsi hesabına ötən il bölgələrdə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Cari ildə isə daha 81 müəssisənin istifadəyə verilməsi gözlənilir.

Ümumiyyətlə, son illər bölgələrə ayrılan güzəştli kreditlər hesabına 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda 20 heyvandarlıq, 8 rayonda südçülük kompleksləri, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsi yaradılıb. Nəticədə son 3 ildə ölkəyə ət və ət məhsullarının idxalı böyük həcmdə azalıb.

Fonddan bildirirlər ki, bu il də kreditlərin əsas hissəsinin aqrar və kənd təsərrüfatı sahələrinə yönəldilməsi nəzərdə tutulub.

Əsas diqqət hansı sahələrə ayrılır?

Fondun fəaliyyəti və ayrılan güzəştli kreditlərin təyinatını şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, kreditlərdən bir qayda olaraq kiçik və orta sahibkarlar istifadə edir: “Əslində fondun yaradılmasında əsas məqsəd də kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsidir. Fond kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərlə maliyyə dəstəyinin genişləndirilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını, idxalı əvəz edən rəqabətə davamlı məhsulların istehsalını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsini hədəf götürüb”.

Xatırladaq ki, fond kredit ayırarkən bir neçə istiqamət üzrə layihələrə üstünlük verir.

İlk növbədə kənd təsərrüfatı məhsullarının istehsalına diqqət ayrılır. O cümlədən südlük və ətlik istiqamətli müasir heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, üzümçülüyün və şərabçılığın, müasir istixana komplekslərinin, intensiv bağçılıq (alma, armud, ərik, gavalı, nar) və ya tingçilik təsərrüfatlarının yaradılması, çayçılığın və sitrus meyvəçiliyinin intensiv inkişafı, məhsuldar kartof və soğan əkilməsinə xüsusi fikir verilir.

İkinci əsas istiqamət müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli və ixracyönümlü yeyinti və digər sənayesi məhsullarının istehsalıdır. Bura müasir meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, müasir çörək zavodlarının, müasir ət emalı (kəsim fabriki) müəssisələrinin yaradılması daxildir.

Digər istiqamətlər müasir soyuducu-anbar kompleksinin yaradılması, müasir texnologiyaların tətbiqi ilə digər sənaye məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı istiqamətləri kredit ayrılması üçün nəzərdə tutulub.

Statistik məlumatların təhlili göstərir ki, SKMF əsasən 4 istiqamətdə - müxtəlif sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı məhsullarının istehsalı və xidmət üzrə kredit verir.

“Səmərəlilik qat-qat yüksək ola bilər”

Ekspertlər hesab edirlər ki, kreditlər kiçik və orta sahibkarlığın fəaliyyət göstərdiyi digər sahələrə da ayrılsa, yaxşı olar. Yəni sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sahələrə də hökmən kredit verilməlidir.

Pərviz Heydərov hesab edir ki, bu kreditlərin ən faydalı tərəfi yeni iş yerlərinin açılmasıdır. Digər tərəfdən, bu layihələr konkret olaraq bu gün üçün deyil, gələcək üçün nəzərdə tutulduğundan perspektivlidir: “Məlumdur ki, yerlərdə yaradılan iri müəssisələrin arxasında iri investisiya şirkətləri, holdinqlər durur. Amma bu kreditlərin əsas təyinatı kiçik və orta sahibkarlığın inkişafı üçündür. Bu isə aqrar sahənin inkişafına böyük köməkdir və bir çox sahibkarlar da krediti məhz bu sahəyə yönəldir”.

Ekspert deyir ki, xaricdə də buna oxşar təcrübə var, amma orada kreditlər kommersiya bankları vasitəsilə verilir: “Bizdə də bank sektoru real iqtisadi sektorun kreditləşməsində iştirak edərsə, bu işi onlara həvalə etmək olar. Bank təkcə istehlak kreditləri verməklə deyil, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsində də iştirak etməlidir.

Hazırda isə risk səviyyəsi yüksək olduğu üçün bankları da qınamaq olmaz. İqtisadiyyatın real sektorunda vəsaitlərin geri qaytarılması prosesi çox çətindir. Xüsusilə aqrar sahədə istehsal mövsümi xarakter daşıdığı üçün kreditlərin geri qaytarılması çətin olur və bu risklər bankları çəkindirir".

Pərviz Heydərov SKMF-nin Azərbaycan reallığı üçün faydalı bir qurum olduğunu desə də, səmərəlilik indeksinin bir qədər aşağı olduğu qənaətindədir: “Ayrılan vəsaitin həcmi və verilən kreditlərin faiz dərəcələrinə görə səmərəlilik qat-qat yüksək ola bilər”.

Subyektlər çox, kreditlərin məbləği isə azdır

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əli Əlirzayevin sözlərinə görə, SKMF tərəfindən sahibkarlıq subyektlərinə verilən kreditlərin məbləğinin azlığı və sahibkarların sayının çoxluğu faktdır. Onun sözlərinə görə, kommersiya banklarının kredit verməyə meylli olmaması sahibkarlığın inkişafını əngəlləyən problemlərdəndir: “Çünki kreditlərin verilməsi üçün girov qoyulacaq nəsə olmalıdır. Amma krediti götürməklə iş bitmir. Ola bilər ki, sahibkarın götürdüyü kredit hesabına gördüyü işdən əldə olunan gəliri nəinki krediti qaytarmağa imkan verməyə, həmçinin görülən işə çəkilən xərci belə ödəməyə bilər. Ona görə də bankları qınamıram. ”Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" əsasında bir çox sahəyə - dağ rayonlarının inkişafı, turizmin inkişafı, yoxsulluğun ləğvi, yeni iş yerlərinin yaradılması hesabına işsizliyin səviyyəsinin azaldılması, əhalinin məşğulluğunun təminatı və digər sahələrə kreditlər verilir. Bu da onu göstərir ki, krediti boşuna vermək olmaz, yəni sahibkarlara kreditin verilməsi ünvanlı olmalıdır, qaytarılmalıdır".

Mütəxəssis bildirir ki, verilən kreditlər pulun kütləsini artırmamalı və inflyasiyaya gətirib çıxarmamalıdır. Ona görə də kredit təşkilatları bu kimi məsələlərdə məsuliyyət daşıdıqları üçün kreditlərin verilməsinə ehtiyatla yanaşırlar: “Ancaq bu, inzibatçılığın baş verməsi ilə də nəticələnməməlidir. Kredit bazarına dövlət nəzarəti və tənzimlənməsi də vacibdir”.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər