Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin doğum günüdür.
Akademik Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də anadan olub.
1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Xəzər neftdonanma” idarəsinin gəmilərində maşinist işləyib.
Ramiz Mehdiyev 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakültəsinə daxil olub, 1965-ci ildə beşinci kurs tələbəsi olmasına baxmayaraq, Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülüb. 1965-1967-ci illərdə Naxçıvan komsomol vilayət komitəsinin ikinci katibi işləyib.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edib.
1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. 1976-cı ildə Azərbaycan KPMK-nın elm və təhsil müəssisələri şöbəsinə müdir təsdiq olunub.
1978-ci ildə 26 Bakı komissarı RK-nə birinci katib seçilib.
1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilib.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləyib.
1993-cü ildən fəlsəfə elmləri doktoru olan akademik Ramiz Mehdiyev 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilib. 2009-cu ildən respublika konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.
2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib. 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövlət və cəmiyyətinin inkişafı və digər mövzularla bağlı).
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik seçilib.
2008-ci ildə mart ayında “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı yeni kitabı çapdan çıxıb.
R. Mehdiyevin “Gorus-2010: Absurd Teatr mövsümü”, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kimi kitabları Ermənistan yalanlarının dünyada ifşa olunmasında mühüm rol oynayıb.