17 Aprel 2015 15:38
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov yüksək ada layiq görülüb.

BDU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sankt-Peterburq Dövlət İqtisad Universitetdə 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII Qurultayı keçirilib.

Qurultayda AUA-nın Prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin “Avrasiya Universitetləri Assosiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf proqramı haqqında” məruzəsi dinlənilib.

100-dən çox universitet rektorunun iştirak etdiyi qurultayın işində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. BDU rektoru plenar iclasda “Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya proseslərinin yeni üfüqləri” adlı məruzə ilə çıxış edib.

Qurultayda təşkilati məsələlər müzakirə edilib və akademik V.A.Sadovniçi yenidən Avrasiya Universitetlər Assosiasiyasının Prezidenti, akademik Abel Məhərrəmov isə vitse-prezidenti seçilib.

Qurultayda BDU rektoruna M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” MDU-nun Fəxri professor adı, diplomu və medalı təqdim olunub.

Qeyd edək ki, BDU rektoru indiyədək Türkiyə, Rumıniya, Qazaxstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitetləri və akademiyaları tərəfindən Fəxri doktor və professor adına layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər