17 Aprel 2015 19:39
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə dair məlumatlandırma sessiyası keçirilib.

Sessiyada çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova müsabiqə haqqında məlumat verib. O, builki müsabiqədə qadınlarımızın cəmiyyətdə, ailədə rolunu əks etdirən yazılara üstünlük verildiyini söyləyib. Diqqətə çatdırılıb ki, müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilərlər.

Ümummilli lider Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini xatırladan S.Qəhrəmanova məhz Ulu Öndər tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.

Komitə sədrinin müavini ölkəmizdə qadınların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində görülən işlərdən də söhbət açıb.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında oynadığı fəal roldan danışıb. Azərbaycan qadınlarının cəmiyyət həyatının müxtəlif sahələrində həmişə fəal olduqlarını söyləyən Sona Vəliyeva onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və onların fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına xüsusi önəm verirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sona Vəliyeva müasir dövrdə qadınların üzləşdikləri bəzi problemlərə də diqqəti cəlb edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların hüquqlarına, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində dəstək verildiyini söyləyib. Bildirib ki, bunun nəticəsində bu gün Azərbaycan qadınların hüquqları ilə bağlı məsələlərdə sürətli irəliləyişə nail olan ölkələrdən biridir. Azərbaycanda qadınlara hörmətə və onların hüquqlarının qorunmasına bütün dövrlərdə önəm verildiyini diqqətə çatdıran Q.Paşayeva qadınların ölkəmizdə bir çox sahələrdə yüksək vəzifələr tutduqlarını söyləyib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər.

İlhamə


Müəllif: