Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” ictimai birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri Gənclər Təşkilatı” ictimai birliyinin bir qrup üzvü, eləcə də Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.
Tədbir qonaqlar və tədbir iştirakçılarının ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirmələri ilə başlayıb.
Tədbiri açıq elan edən moderator Aytac Seyidəliyeva iştirakçılara ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verib, Binəqədi RİH-də keçdikləri üç aylıq təcrübədən danışıblar.
Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Ü.Mehdiyev ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. RİH başçısı vurğulayıb ki, ölkə Prezidenti cənab ilham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin, sözün gerçək mənasında vətəndaşların işlərini asanlaşdırması, bu qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyadıb. Maraq o qədər güclü olmuşdur ki, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Çıxışda bildirilmişdir ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan, biliklərə yiyələnən gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.
Daha sonra ASAN könüllülərindən Bahadur Əlizadə, Aysel Məmmədova, Fərid Abbasbəyli, Zahirə Ağayeva və Könül Hüseynli çıxış edərək Binəqədi RİH-də keçdikləri iş təcrübəsindən danışıb, ötən üç aylıq zaman kəsiyində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs ediblər. Onlar bütün bunlara görə RİH rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər.
ASAN könüllülərə sertifikatların təqdim olunması mərasiminin ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət ediblər.
Naibə QURBANOVA