Aprelin 21-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fairmont Baku” mehmanxanasında birinci lüks “Baku Travel Bazaar Wellness” adlı sağlamlıq turizm sərgisi açılacaq.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.
Chance Travel Consulting (Ukrayna) və R&S Group (Azərbaycan) şirkətləri tərəfindən təşkil olunan tədbirdə təmsil olunanlar Avropanın və digər ölkələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləridir.
Sərgidə Azərbaycan turizm biznesinin mütəxəssisləri, tibb klinikaları, spa mərkəzləri, termal kurortları iştirak edəcəkdir. Tədbir çərçivəsində işgüzar görüşlərin və seminarların keçirilməsi ilə yanaşı, partnyorlar tərəfindən hədiyyələrin təqdim ediləcəyi axşam proqramı təşkil olunacaqdır.