25 Aprel 2015 18:01
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti qiymətləri tənzimlənən malların siyahısında dəyişiklik etdi

Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik aparıb.

Milli Məclisin 16 dekabr 2014-cü ildə "Dərman vasitələri haqqında" qanuna etdiyi dəyişikliklə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.

"Dərman vasitələri haqqında" Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 18 mart tarixli fərmanına əsasən Tarif (qiymət) Şurasına qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabineti də buna müvafiq olaraq "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

İndiyə qədər dərman preparatlarının sınağının keçirilməsi xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənib. Dəyişikliyə əsasən, bundan sonra dərman preparatlarının sınağının keçirilməsi xidmətləri deyil, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənəcək. Başqa sözlə, Nazirlər Kabinetinin bu qərarından sonra Tarif Şurası dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləmək üçün müvafiq qərar qəbul edə biləcək.

Tənzimləməyə ehtiyac var idi

Ekspertlər hesab edir ki, Tarif Şurasının dərman preparatlarının qiymətini tənizmləməsinə başlaması sözügedən bazarda müşahidə edilən və daha çox süni xarakter daşıyan qiymətlərlə bağlıdır.

İqtisad və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov aparılan monitorinqlər nəticəsində Azərbaycanda dərmanların qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli yüksək olduğunu deyir: "Oxşar dərman preparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İranla müqayisədə 2,5 dəfə yüksəkdir. Bizdə qiymətlər, eyni zamanda, digər qonşularımız Rusiya və Gürcüstanla müqayisədə də yüksək olaraq qalmaqdadır.

Prezidentin ötən müşavirədə dərmanların qiymətinin yüksək olduğunu qeyd etməklə tapşırıqlarını verməsi, əslində, sözügedən bazarda qiymətlərin tənzimlənməsinin vacibliyini bir daha gündəmə gətirmişdi. Praktik olaraq dərman bazarındakı süni qiymətlərin inzibati tənzimlənməsinə ehtiyac var idi".

İstehlakçılar daha ucuz dərman ala biləcək

Ekspertə görə, qiymətlərin Tarif Şurası tərəfindən tənzimlənməsi dərman bazarında qiymət tavanının müəyyənləşdirilməsinə təsir edəcək. Bu təcrübə hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil, bazar iqtisadiyyatı ilə tənzimlənən ABŞ-da da tətbiq edilir: "İnzibati tənzimləmənin müsbət tərəfi ondadır ki, bu, bazarda qiymət artımlarının qarşısını alır. Bununla yanaşı, qiymət tənzimləməsində əsas məqsəd endirimlərə nail olmaqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman preparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiymətin müəyyənləşdirilməsinə ehtiyac var.

Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. Qiymət tənizmlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir.

Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asılılığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına gətirəcək".
Vüqar Bayramov bununla da inzibati tənzimlənmədə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərman almasına imkan verəcəyini deyir.

"Dərman bazarına nəzarət gücləndirilməlidir"

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də bildirir ki, bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə əsasən dövlətin dərman sektorunda tənzimləmə işləri həyata keçirməsi təcrübəsi var. Bu, dərman preparatlarının saxlanmasından tutmuş qiymətinə qədər bütün sferaları əhatə edir: "Son dövrlər dərman şirkətlərinin öz mənfəətləri üçün istifadə etməsi bu sahəyə diqqəti vacib edirdi. Həkim-firma işbirliyi, preparatların dəyərindən dəfələrlə baha satılması, istehsal olunduğu ölkəyə görə süni qiymət artımı dərman preparatlarının satışında pərakəndəliyə səbəb olmuşdu.

Fikrimcə, indiki şərait imkan verir ki, dövlət tənzimləmə siyasəti həyata keçirsin və buna ehtiyac var. Dərman bazarına nəzarətin gücləndirilməsi vacibdir".

İqtisadçı deyir ki, inkişaf etmiş ölkələrdə də dövlət hər zaman bu sahədə tənzimləmə rıçaqını saxlayıb, bu isə süni qiymət artımının qarşısını almaq üçündür.

Ruslan Atakişiyev qərarın sahibkarların fəaliyyətinə də müsbət təsir edəcəyini bildirib: "Burada təbii ki, qayda-qanun çərçivəsində ölkəyə dərman gətirənlərdən söhbət gedir. Qərar bazarda sağlam rəqabət yaratmağa çalışan insanlara köməkdir".

Naibə


Müəllif: