İqtisadiyyat və Sənaye Nazirliyində yüngül sənaye üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, iclasda sənaye, xüsusilə yüngül sənaye sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sənaye müəssisələrinin nümayəndələri ilə müzakirələr aparılıb. Tədbirdə yüngül sənaye üzrə bir sıra məsələlər, o cümlədən istehsal olunan məhsulların xarici ölkələrə ixrac imkanları, xammalla təminat, yüksək ixtisaslı kadrlara tələbat və digər məsələlər müzakirə edilib.
Məlumatda qeyd olunur ki, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 8 işçi qrupu yaradılıb. Ötən il işçi qruplarının ilk iclasları keçirilib, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılıb və təkliflər hazırlanıb.