29 Aprel 2015 11:30
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilir.


Teleqraf.com-un xэəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının söbə müdiri Fatma Abdullazadə, AMEA-nın prezidenti Akif Əlizadə, AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.

Qonaqlar ilk olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarının 2014-cü ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olub. Elmi nailiyyətlərin sərgisində təqdim edilmiş materiallar maraqla qarşılanıb.


Ümumi yığıncağın rəsmi hissəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin akademiyanın 2014-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib. Akademik bildirib ki, alimlərimizin əməyi nəticəsində əvəzedilməz təbii sərvət kimi neft Azərbaycanın inkişafına, iqtisadiyyatın şaxələnməsinə, biliklər cəmiyyətinin formalaşmasına yönəldilib. Müstəqil Azərbaycanda dövlət siyasətinin əsas strateji xəttini biliklər iqtisadiyyatının qurulması, intellektual inkişaf modelinin bərqərar edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi təşkil edir. Ölkə başçısının “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!” çağırışı da belə bir strateji inkişafın əsas hədəfinin göstəricisidir.

Akademik onu da qeyd edib ki, ölkənin belə sürətli inkişafı, xüsusən biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur və AMEA-nın ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məhz ölkənin ümumi inkişaf strategiyası kontekstində dəyərləndirilməlidir. Keçən il aprel ayında Akademiyanın ümumi yığıncağında proqram xarakterli qərar qəbul edildiyini qeyd edən A.Əlizadə həmin vaxt qarşıya qoyulan məqsədlər istiqamətində bir sıra işlər görüldüyünü deyib. Bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub.

Qeyd edək ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər