29 Aprel 2015 13:25
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq yarışa səfərbər olunan ali məktəb tələbələrinə təlimlər keçirilir

İyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarına start veriləcək. Beynəlxalq tədbirə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin idmançılarının, eləcə də, dünyanın müxtəlif şəhərlərindən yarışları izləməyə gələn seyirçilərin qatılacağı gözlənilir. Yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub.

28 olimpiya idman növünə güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suya tullanma və sair növləri daxildir.

Tədbiri işıqlandırmaq üçün Bakıya 2000 nəfərədək jurnalistin gəlişi gözlənilir.

Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsi, bu ərəfədə dünya ictimaiyyətinin nəzərlərinin ölkəmizə yönəlməsi tarixi hadisə hesab olunur. Ali təhsil müəssisələrinin bu tədbirə hazırlığı ilə maraqlandıq.

BDU-dan 12 min gənc Avropa oyunlarının təşkilində iştirakçıdır

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Daşqın Qənbərovun verdiyi məlumata görə, BDU-da bu tədbir ümumxalq bayramı səviyyəsində qarşılanır və Avropa oyunları ilə bağlı universitetin müəllim və tələbə heyəti kompleks tədbirlər görür: "İstiqamətlərdən biri odur ki, Avropa oyunlarının təşkilində iştirak edəcək Bakı Dövlət Universitetinin 12 minə yaxın könüllülər ordusu var. Onlar ümumi işə dəstək olacaqlar.

Ümumilikdə 20 min tələbədən 12 mininin könüllü iştirakı nəzərdə tutulur, amma qalan 8 min də kənara çəkilmir. Bu tədbirə universitet tələbələrinin tam tərkibdə töhfə verməsi üçün biz onlarla ideoloji iş aparırıq. Hər bir gəncimiz bu oyunun mahiyyətini, əhəmiyyətini, ölkəmizə, dövlətimizə olan faydasını dərk etməlidir. Oyunlar keçirildiyi müddətdə hər bir gənc vətəndaş olaraq təşkilat komitəsinə dəstək verməlidir".

"İlk Avropa oyunlarına sən də qoşul"

Daşqın Qənbərov dedi ki, BDU-da görülən işlər sırasına "İlk Avropa oyunlarına sən də qoşul" adlı layihə də daxildir: "Universitetimizdə belə bir layihəyə start verilib. Gənclərimizə xitabən bildiririk ki, idmançı olaraq yarışlarda ölkəmizi təmsil etməyin hökm deyil, öz üzərinə düşən, bacardığın köməyi sən də göstərib vətəndaşlıq borcunu yerinə yetirməli, məsuliyyətli olmalısan. Məsələn, şəhərim təmiz saxlanmasında hər bir gəncin xidməti ola bilər, asayişin qorunmasında ümumi işə dəstək göstərər, xaricdən gələn qonaqlarla bağlı yardım gərəkərsə, bir ünvanı aydınlaşdırmaq, onlarla xoş ünsiyyət yaratmaq, qonaqpərvərliyimizi nümayiş etdirməkdə bir dəstəyə ehtiyac yaranarsa, bu işlərə diqqət ayırar. Bütün bunlar hər birimizin vətəndaşlıq borcudur. Bu ümumxalq bayramında Avropa oyunlarına töhfə vermək üçün tələbələrimizlə apardığımız ideoloji işdə bu məsələləri onlara aşılayırıq".

"İlk Avropa oyunları şagirdlərin gözü ilə"

THİK sədri bildirdi ki, Avropa oyunları ilə bağlı BDU-da tələbələr arasında müsabiqələr də keçirilir: "Jurnalistika fakültəsində Avropa oyunları ilə əlaqədar jurnalistlərin fərqli formatda müsabiqəsi olub. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar liseyinin şagirdləri ilə birgə universitetimizdə "İlk Avropa oyunları şagirdlərin gözü ilə" adlı layihə reallaşdırmışıq.

Gənclərimizin bu sahədə olan biliklərini, istəklərini nəzərə alaraq daha geniş formatda müsabiqələr təşkil etmişik. "Qələminlə qoşul" adlı müsabiqə təşkil etmişik ki, bu sahədə yazmaq istedadı olan gənclərimiz Avropa oyunları ilə bağlı öz bilik və bacarıqlarını nümayiş etdiriblər".

Pedaqoji və Slavyan universitetləri də ciddi dəstək verir

Azərbaycan Dövlət Pedaqoji Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimovun sözlərinə görə, universitetin mindən çox tələbəsi kömək məqsədilə bu yarışlara könüllü qoşulub: "Universitetin rəhbərliyi ilk Avropa oyunlarının Azərbaycanda reallaşmasına ciddi dəstək verir. Avropa oyunları ilə bağlı ali məktəbdə indiyədək bir neçə tədbir keçirilib, tələbələrə maarrifləndirici məlumatlar çatdırılıb. Bundan başqa, digər ali məktəblərin bu tipli tədbirlərində də tələbələrimiz fəal iştirak ediblər.

Hazırda bizim mindən artıq tələbəmiz beynəlxalq yarışların keçirilməsinə könüllü qatılıb, 400-dən çoxu müxtəlif mərasimlərdə, 600-dən çoxu isə müxtəlif əməliyyatlarda iştirak edir. Onlar ümumdövlət işinə bacardıqları dəstəyi verirlər. Məlumdur ki, Təhsil Nazirliyinin xətti ilə "Sabah qrupları" adlı layihə həyata keçirilir və universitetimizin 34 tələbəsi də bu qruplarda təhsil alır. Həmin tələbələrimiz də könüllü şəkildə Avropa oyunlarında iştiraka qatılıb" .

Bakı Slavyan Universitetinin mətbuat katibi Adil Əliyev isə bildirdi ki, universitetin mindən çox tələbəsi olimpiya oyunları ilə bağlı təlimlərdə fəal iştirak edir: "Mindən artıq könüllümüz hazırda gedən təlimlərə qoşulub. Universitetdə Avropa oyunları ilə əlaqədar maarifləndirici tədbirlər də keçirilir".

Sevil


Müəllif:

Oxşar xəbərlər