Təqribən 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan azərbaycanlılar dədə-baba torpaqlarından Ermənistan tərəfindən məqsədli şəkildə fiziki istismara, milli irqi ayrıseçkiliyə məruz qalaraq qovulublar. Bunun da nəticəsində bu insanlar öz əmlaklarından və milli mədəni dəyərlərindən zorla məhrum edilib, iqtisadi, sosial, mədəni və əmək hüquqları pozulub, eləcə də fiziki və psixi sağlamlıqlarına ciddi zərər dəyib.
1992-ci ildən Ermənistanın işğalı altında olan Şuşa şəhəri ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələri sırasına tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirlər. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa dövlət mədəniyyət qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.
Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu – Azərbaycanın xristianlığaqədərki və xristianlıq dövrü və xüsusi ilə XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı Qarabağın xanlıq mərkəzlərinin formalaşmasıdır. Qoruq 1988-ci ildə Azərbaycan hökumətinin qərarı ilə elan edilib.
Şuşa tarixi bir şəhərdir, onun ərazisində mədəni irsimizə aid tarixi binalar, abidə ansamblları, Azərbaycanda çox nadir quruluşa malik balkonlu evlər, tarixi hadisələrlə bağlı yerlər, arxeoloji-mədəni qatlara malik torpaq sahələri, tarixi estetik gözəlliyi özündə əks etdirən mənzərələr, xüsusi mədəni dəyərlərə malik tarixi, memarlıq, arxeoloji abidələr şəhərin gözəlliyinə və görkəminə daha bir mənzərə qatır. Burada tariximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var.
Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, Şuşa şəhərini Azərbaycan mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olub.
Şuşada bütün binaları tarixi əhəmiyyət daşıyan 23 qədim məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə adlanan məhəllələrin hər birində hamam, məcid, bulaq vardı. İlkin hesablamalara görə Ermənistanın işğalı nəticəsində Şuşa şəhərində olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 11 279 640 000 ABŞ dolları təşkil edir. Hesablamalarımız davam etdiyindən gələcəkdə bu rəqəmlərin artacağı istisna deyildir.
Şuşa dövlət tarix və mədəniyyət qoruğunda ermənilər tərəfindən dağıntılara və erməniləşdirilməyə məruz qalmış şəhərin tarixi planlaşdırılmış strukturu və eləcə də şəhər strukturuna daxil olan daşınmaz tarix və mədəniyyət abidələrin növləri:
-Fərdi binalar, qurğular və istehkamlar, dini ibadət yerləri, saraylar, yaşayış evləri, ictimai binalar, inzibati binalar, ticarət obyektləri, sənaye və nəqliyyat müəssisələri, elm - təhsil ocaqları onların əhatə etdikləri ərazilər, o cümlədən monumental rəssamlıq nümunələri, heykəltəraşlıq əsərləri, dekorativ - tətbiqi sənət nümunələri bağlar və parklar;
Şəhər ansamblları:
- Daşınmaz tarix və mədəniyyət abidələri və onlara məxsus digər incəsənət nümunələri, tarixi dəyərlərə malik küçə və meydanlar, məhəllələr, memarlıq kompleksləri və ansamblları, onların əraziləri və təbii landşaftları, eləcə də monumental incəsənətlə bağlı sənətkarlıq nümunələri, bağ - park incəsənəti və landşaft memarlığı;
Tarixi abidələr:
-Məşhur tarixi şəxsiyyətlərin, eləcə də elm, ədəbiyyat və incəsənət xadimlərinin həyatı ilə bağlı binalar, evlər, komplekslər və ansambllar;
-Ölkənin və şəhərin həyatında mühüm tarixi hadisələrlə bağlı binalar, abidə kompleksləri və ansamblları;
- Şuşa şəhərinin sakinlərinin elmi, texniki, mədəniyyətləri və məişətləri ilə bağlı binalar, quramalar, xatirə yerləri, komplekslər və ansambllar.
Tarixi nekropollar:
-Qəbir daşları, qədim qəbirlər, dövlət xadimlərinin, xalq qəhrəmanlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, ölkənin müstəqilliyi uğurunda şəhid olanların qəbirüstü abidələri, qəbir kompleksləri və arxeoloji abidələr.
Mənzillər:
-Qədim yaşayış yerləri, o cümlədən şəhərin və şəhərətrafı kəndlərin və qəsəbələrin yaşayış evləri və mənzilləri.
Qədim istehkamlar:
- Bulvarlar, xəndəklər, müdafiə tikintiləri və onların qalıqları.
Dini təmayüllü tikintilər:
-Qədim məbədlər, məscidlər, dini komplekslər, ibadət yerləri və onların qalıqları;
Qədim dəfn yerləri:
-Qədim məzarlıqlar, kurqanlar, fərdi qəbirlər.
Təsərrüfat xarakterli binalar və digər tikintilər:
- Kənd təsərrüfatı və ticarət müəssisələri, dağ-mədən və emal sənayesi qurğuları, suvarma sistemləri, kanallar (arxlar), şəhərin su sistemləri, hidravlik qurğular, nəqliyyat marşurutları obyektləri (yollar, körpülər, avtomobil parkları, dayanacaqlar), emal və istehsal müəssisələri, heyvandarlıq təsərrüfatı müəssisələri və s.
İncəsənət abidələri:
-Monumental şəhər abidələri, görkəmli adamların xatirə abidələri, monumental heykəltaraşlıq işləri və boyakarlıq nümunələri, dekorativ incəsənət nümunələri, mozaikalar, vitrajlar, tətbiqi sənət nümunələri, rəsm əsərləri.
Şuşa dövlət tarix və mədəniyyət qoruğundakı daşınmaz tarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri, Azərbaycan xalqının dövlət mülkiyyətində olan əmlakıdır. Qanunla daşınmaz tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi erməniləşdirilməsi yolverilməzdir. Lakin....
Şuşanın mədəni irsi Ermənistanın dövlət vəsaiti hesabına erməniləşdirilir.
1992-ci ildən Dağlıq Qarabağın bütün ərazilərində və xüsusilə Şuşa şəhərində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə məruz qalıb. Şuşa şəhərində tarixi hadisələrlə bağlı yerlər, milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansamblları, şəhərin qədim qalıqları, tarixi memarlıq kompleksləri və ansamblları, eləcə də tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır, məhv edilir, toponimlər dəyişdirilir, tarixi abidələr erməniləşdirilir.
Ermənistan Respublikası tərəfindən, Azərbaycan dövlətinin mülkiyyətinə daxil olan Şuşa şəhərindəki abidələrin və tarixi yerlərin erməni mədəniyyətinə uyğunlaşdırılması məqsədi ilə bərpa edilməsi məsələsi 1995-ci ildən Ermənistan hökumətinin daimi gündəliyindədir. Bu məsələ Ermənistan hökumətinin 2000-ci ildə İrəvanda qəbul etdikləri Şuşa Mədəniyyətinə Varislik Konsepsiyasının tərkib hissəsidir.
Ermənistan hökuməti və «Daşnaksütyun» terror təşkilatı Şuşa şəhərini ermənilərin birinci Qarabağ müharibəsindəki “qələbə”lərinin ən böyük simvolu kimi təbliğ edirlər. Onlar müxtəlif şəhərlərdə Şuşanın xatirəsinə abidələr ucaldır, kitablar, albomlar nəşr etdirərək hər il Şuşanın təbliğinə 100 min dollardan çox pul xərcləyirlər. Məhz buna görə də xaricdəki erməni lobbilərinin və Ermənistan hökumətinin maliyyəsi hesabına Şuşa şəhərinin yenidən qurulması və bərpası dünya erməniləri üçün həlli vacib olan ümummilli bir məsələyə çevrilib. Bu öz növbəsində 1953-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara ziddir.
Ermənistan hökuməti, Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün üçün 2000-ci ildə İrəvan şəhərində «Shousi» Mədəniyyət Fondu və «Shousi» nəşriyyat evi yaradıblar. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, «arxiv sənədlərinin» tədqiqi və təbliği nəzərdə tutulur.
Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar.
1-ci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası eyni zamanda bu abidələrin bərpasından sonra bu abidələrin içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməli, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə «Jraberd divarı» adlı lövhələr yapışdırılmalıdır.
2-ci mərhələdə, O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir etmək, XIX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və «Artsaxkertin» patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsini təmin edilməsi nəzərdə tutulur.
3-cü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XIX əsrin əvvəllərində inşa edilmiş Şuşa Realnı Gimnaziyası təmir etdirərək onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.
4-cü mərhələdə İsa bulağında (ermənilər Hanot adlandırırlar) və Cıdır düzündə istirahət evləri və əyləncə yerləri inşa edilməsi nəzərdə tutulur.
5-ci mərhələdə Gəncəsər məbədi və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir.
Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsi ilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı, Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük verəcəkdir.
Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyyələşdirilməsini də öz planlarına daxil etmişdir;
-Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi.
-Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi.
-Memarlıq abidələrinin layihələşdirilməsi.
-Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması.
-Şuşanın Arxiv fondunun yaradılması.
-Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi.
-Litoqraf varisliyinin tədqiqi.
-Qalada və onun ətrafında mağara tədqiqatının aparılması.
- Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması.
- Fars (İran) abidələrinin tədqiqi və nəşri. (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).
Ermənistan hökuməti bu konsepsiyanın reallaşmasına 2004-cü ildən başlayıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkib və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər.
Ermənistanın Maarif və Elm Nazirliyində daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistan hökuməti dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılmasını nəzərdə tutmuşdur. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilmişdir.
Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.
Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərinin
Tarix və Mədəniyyət Abidələrini
Müdafiə Təşkilatı ictimai birliyinin
sədri.