Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan” Universitetində “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, nazirliyin əməkdaşlarının, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin, ali təhsil müəssisələri mətbuat xidməti rəhbərlərinin, jurnalistika fakültəsi tələbələrinin iştirak etdikləri tədbirdə “Azərbaycan” Universitetinin rektoru Fərid Əhmədov cəmiyyətin tərəqqisində təhsilin və kütləvi informasiya vasitələrinin rolundan danışıb. Təhsil sahəsinin KİV-lər vasitəsilə geniş və peşəkarlıqla işıqlandırılmasının önəmli olduğunu qeyd edən rektor mövzunun əhəmiyyətini vurğulayıb.
ATV-nin prezidenti Vüqar Qaradağlı, Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, bu sahə ilə medianın əlaqələrindən bəhs ediblər.
Professorlar Şahlar Əsgərov, Əjdər Ağayev media və təhsil əlaqələri ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə “Nyus-relizlərin hazırlanması və yayılması, yaxşı məlumatın tapılması. Təhsil mövzusunu yeni mediada təşviqi üçün PR əməkdaşlara tələb olan peşəkar bilik və bacarıqlar”, “PR işin təşkili (Reputasiya hər şeydir). PR sahəsində tələbatlar və yeni çağırışlar” və digər mövzularda təlim və təqdimatlar olub.
Media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər verilib.
Təlim-konfransda uğur qazanan iştirakçılara sertifikatlar təqdim edilib.
Sonra iştirakçıların “Bakı-2015” birinci Avropa Oyunlarının Mətbuat kəndinə və Milli Gimnastika Arenasına səfərləri təşkil olunub.