21 May 2015 18:27
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaraçuxur bələdiyyəsində “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrası ilə tədbir keçirib.

Teleqraf.com-un verdiyi məlumatına görə, tədbirindən öncə mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən birliyin sədri Vüqar Tofiqli bildirib ki, layihə çərçivəsində müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra formalaşmış bələdiyyələrə izah edilməsi nəzərdə tutulub: “Təşkilat həmçinin layihə çərçivəsində yeni internet resurs yaratmaqla bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətindədir. Layihənin ana xəttini təşkil edən bələdiyyələrin informasiya məlumat-bazasını özündə ehtiva edən internet resursu vasitəsilə bələdiyyə üzvlərinə digər hüqiqi xidmətlər təşkil edəcəkdir. Əminəm ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə bələdiyyələr arası əlaqənin qurulmasına təkan veriləcək, həm də onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır”.

V.Tofiqli deyib ki, ötən il dövlət başçısının təsdiqindən sonra qüvvəyə minən bir sıra qanun və hüquqi sənədlər, artıq cari ildən qüvvədədir: “Əmlak vergisinin yığımıyla bağlı Prezidentin fərmanı bələdiyyələrə əmlak vergisinin yığımına müsbət mənada ciddi təsir edəcəkdir. Lakin regionda bələdiyyələr tərəfindən əmlakın uçotunun elektronlaşdırılmaması, habelə əmlakın yeni dərəcələri haqqında bilgilərin olmaması gələcəkdə əmlak vergisinin yığımına mənfi təsir edə bilər.

Layihə çərçivəsində Bakının Suraxanı, Ağdam və Tərtər rayonlarındakı bələdiyyələrə qrup şəklində hüquqi dərslər təşkil ediləcək və qeyd edilən məsələlərlə bağlı metodik tövsiyələr veriləcəkdir. İnanıram ki, qəbul edilmiş qanun və hüquqi sənədlərdən irəli gələn məqamların yeni seçilmiş bələdiyyə üzvlərinə izah edilməsi məqsədilə hüquqi dərslərin təşkili ümumi işin xeyrinə olan addım kimi qəbul edilə bilər. Nəticə etibarılə Bakıda, o cümlədən sərhədyanı bölgələrdə cəmi 306 bələdiyyə üzvünə yeni yaradılan informasiya resursu vasitəsilə hüquqi yardım göstəriləcək”.

Suraxanı rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüiadəretmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov bildirib ki, əhali bələdiyyələrə vergi vermək istəmirlər. Onun sözlərinə görə, bu prosesi sürətləndirmək üçün vətəndaşa lazım olan hər hansı sənədi almaq istəyərkən ondan əmlak vergisi tələb edilməlidir: “Bu təbii ki, ilk növbədə qanunvericilikdə öz əksinin tapmalıdır. Onu da deyim ki, bir sıra ölkələrə bu təcrübədən istifadə edir”.

Qeyd edək ki, tədbirdə Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və digərləri çıxış edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər