Tarix İnstitutu mətbuat konfransı keçirib
AMEA Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə Bakı şəhər 311 saylı tam orta məktəblə birgə hazırladığı “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirib.
311 saylı məktəbin direktoru Esmira Muradova Tarix İnstitutunun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirərək layihənin əhəmiyyətindən, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanımasında böyük rol oynadığını bildirib.
Konfransda Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli “Qacarların Azərbaycanın siyasi həyatında rolu” adlı məruzəsində Qacarların mənşəyinə aydınlıq gətirib və XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində Qacarların mühüm rol oynadığını qeyd edib. O, bu tayfadan görkəmli sərkərdələrin, dip¬lomatların və dövlət xadimlərinin çıxdığını xüsusi olaraq vurğulayıb.
İnstitutun aparıcı elmi işçisi. Vidadi Umudlu “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar” adlı mə¬ruzəsində Ağa Məhəmməd şah Qacarın keçdiyi siyasi həyat yolundan, öz dövlətini yaratmaq üçün apardığı əzmkar mübarizə barədə ətraflı məlumat verib. İnstitutun şöbə müdiri, Hacı Həsənov “Azərbaycanın görkəmli sərkərdəsi Abbas Mirzə Qacar”adlı məruzəsində Abbas Mirzənin keçdiyi həyat yolu, Qacar ordusunu Avropa qaydasında təşkili və Rusiya-Qacar müharibəsində dövrünün tanınmış Azərbaycan sərkərdəsi kimi göstərdiyi hərbi rəşadətlə bağlı konfrans iştirakçılarına məlumat verib.
Təhsil Problemləri İnstitunun digər əməkdaşları İntiqam Cəbrayılov, Dilavər Əzimli, Faiq Ələkbərov, Nazim Xəlilov, Dövran Abuzərov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova həyata keçirilən layihənin əhəmiyyətindən və konfransda qoyulan mövzunun çox aktual olduğunu qeyd ediblər.
SEVİL