25 May 2015 13:51
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib.

Teleqraf.com xəbər verir ki, İordaniya kralı II Abdullah, Misir prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi Sammitin açılış mərasimində Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib.

Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib.

Sammit çərçivəsində nazir Əli Abbasovun DİF-in təsisçisi və icraçı sədri, professor Klaus Şvabla ikitərəfli görüşü baş tutub.

Klaus Şvab Prezidenti İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib. O, ölkəmizdə informasiya və yüksək texnologiyaların sürətli inkişafının Davos Forumu çərçivəsində aparılan təşəbbüslərdə və keçiriləcək sessiyalarda da öz əksini tapması üçün uyğun bölmələrinə tapşırıq verəcəyini bildirib.

Görüş zamanı Azərbaycan Respublikası ilə DİF arasında yüksəksəviyyəli əlaqələrin perspektivləri və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, 2016-ci ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.

Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə Əli Abbasov İordaniyanın dövlət sektorunun inkişafı naziri, Uqanda Respublikasının İKT naziri, Bolqarıstanın turizm naziri, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah vilayətinin ticarət və turizmin inkişafı qurumunun baş direktoru, Yaponiyanın Xarici İşlər Nazirliyinin xarici siyasət bürosunun sülh quruculuğu üzrə xüsusi səfiri və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər