26 May 2015 17:59
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Nağı: “Bütün cəbhələrdə yorulmadan mücadilə aparmalıyıq”

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə ənənəvi “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib. QAT sədri Akif Nağı konfransı giriş sözü ilə açaraq deyib: “Konfrans 14-cü dəfədir ki, hər il “Respublika Günü” münasibətilə keçirilir. Konfransın əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti, Qarabağ münaqişəsi, münaqişənin həlli yolları, erməni işğalı, terrorçuluğu, saxtakarlığının ifşasına dair elmi araşdırmaların aparılması, həqiqətlərin Azərbaycan cəmiyyəti və dünya birliyinə çatdırılmasından ibarətdir. Biz erməni işğalının nəticələrinin aradan qaldırılması, torpaqlarımızın işğaldan azad olunması üçün bütün sahələrdə, o cümlədən, elm, informasiya, təbliğat cəbhələrində yorulmadan mücadilə aparmalıyıq”.

QAT Ağsaqqallar Şurasının üzvləri Nadir Ağayev, Şahmar İbrahimov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Daha sonra fəlsəfə elmləri doktoru, professor Əli Abasovun moderatorluğu ilə öz işinə başlayan konfransda tarix elmləri doktoru Qasım Hacıyevin “Tarix tarixdir, tarixi saxtakarlıq isə bütün dəyərlərə hörmətsizlik (Erməni saxtakarlıqları)”, tarix elmələri doktoru Kərim Şükürovun “Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili”, tarix elmləri doktoru İsmayıl Musanın “İkinci Moskva konfransında (26.II-16.III.1921) Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında diplomatik çəkişmələr”, siyasi elmlər doktoru Elman Nəsirlinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi problemi”, politoloq Mübariz Əhmədoğlunun ““Erməni soyqırımı”nın müasir mərhələdə əsas təyinatı və erməni işğalları”, tarix elmələri doktoru Cəmil Həsənlinin “1915-ci il: “ermənilərin soyqırımı” mifi, yoxsa sənədlərdə gizlədilmiş türk həqiqətləri”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın ““Erməni məsələsi”ndən Rusiya necə faydalandı”, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdinin “Tarixi şansdan istifadə edə biləcəyikmi?”, tarix üzrə fəlsəfə doktoru Akif Nağının “Qarabağ münaqişəsi regional və beynəlxalq təşkilatların sənədlərində”, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Армянские добровольческие дружины в годы Первой мировой войны (1914-1916 гг.)”, fəlsəfə elmləri doktoru Əli Abasovun “Война России в Украине и риски ее разрастания на Южный Кавказ”,tarix üzrə fəlsəfə doktoru Havva Məmmədovanın “Andranikin Zəngəzurda və Yuxarı Qarabağda törətdiyi qanlı qırğınlar haqqında”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” və digərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Konfransın gedişində təqdim olunan məqalələrin daxil edildiyi “Qarabağ dünən, bu gün və sabah” kitabının 14-cü buraxılışı, həmçinin Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 12-ci cildi təqdim olunub, tədbir iştirakçılarına paylanıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər