Mayın 28-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.
Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni haqqında film nümayiş etdirildi. Hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra açılış nitqi ilə çıxış edən Azərbaycan İrandakı səfiri Cavanşir Axundov bu tarixi gün haqqında ətraflı məlumat verdi, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində ilk demokratik, parlamentli respublika olmasını vurğuladı. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmizdə beynəlxalq prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlandı.
Səfirin çıxışında Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də yaxın vaxtlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, habelə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələrinin mahiyyəti barədə danışdı. C.Axundov Azərbaycanın son illərdəki iqtisadi uğurlarından söz açaraq, ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulduğunu, onun 16 milyard dollarının daxili sərmayə olduğunu bildirdi.
Diplomat vurğuladı ki, ölkə rəhbərliyinin Azərbaycan-İran münasibətlərinə göstərdiyi diqqətin nəticəsi olaraq son illərdə əməkdaşlıq əlaqələri daha da genişlənib. İkitərəfli münasibətlər siyasi, iqtisadi, sosial, mədəni, humanitar, dini və s. sahələr üzrə inkişaf etməkdədir.
Sonda səfir iyunun 12-dən 28-dək Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırdı.
Daha sonra İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur çıxış edərək İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi. Dövlət başçılarının ötən il baş tutmuş rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu söylədi.
Tədbirdə Aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi “Dədə Qorqud” aşıqlar qrupu konsert proqramı ilə çıxış etdi.
Rəsmi qəbulda İranın Xarici İşlər Nazirliyinin əməkdaşları, yüksək vəzifəli hökumət nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Tehran ictimaiyyətinin nümayəndələri, iş adamları və İranda təhsil alan azərbaycanlı tələbələr iştirak edirdilər.