İyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə “Vergilər uşaqların gözü ilə” adlı 13-cü ənənəvi rəsm müsabiqəsi keçirilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışıb və bildirib ki, hər il bu ərəfədə “Vergilər uşaqların gözü ilə” devizi altında baş tutan rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Bu ilki müsabiqə 2015-ci ilin aprel ayından start götürü, 220-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.
Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir. Onun sözlərinə görə, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Nazirliyin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək. İndiyə kimi bu müsabiqədə 3 mindən çox rəsm əsərinin iştirak etdiyini deyən E.Məmmədov sərgiyə təqdim olunan rəsmlərin ildən-ilə təkmilləşdiyini, mövzu çalarlarının zənginləşdiyini də diqqətə çatdırıb. Rəsm müsabiqəsi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb.
Sonda rəsm və inşa üzrə bu ilki müsabiqənin qalibləri elan edilib, onlara diplom və hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində Abdullayeva Nərmin 1-ci, Əliyeva Asya 2-ci, Şahhüseynov Amil 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Talıbova Fatimə 1-ci, Ağamalıyeva Melisa 2-ci, Talıbov Cavad 3-cü yerə, 9-12 yaş qrupu üzrə Abdulov Cəmil 1-ci, Kərimli Güllü 2-ci, Əsədzadə Jalə 3-cü yerə, 13-17 yaş qrupu üzrə Quliyeva Nigar 1-ci, Şahquliyeva Səbinə 2-ci, Dadaşova Taira 3-cü yerə layiq görülüblər.
Naibə QURBANOVA