2 İyun 2015 10:31
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın və İnkişaf” Mərkəzi tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Reproduktiv sağlamlıq və ailə planlanması sahəsində regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda layihə həyata keçirilir.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlanması – yalnız arzuolunan körpələrin doğulması, cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma yolları, sağlam gənclik və s. mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə abortlarının sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Layihə çərçivəsində Quba, Siyəzən, Salyan, Şamaxı və Hacıqabul rayonlarının müxtəlif qəsəbə və kəndlərini əhatə etməklə maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır.

Seminarda “Qadın və İnkişaf” Mərkəzinin sədri Pərvin Məmmədova çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıb

Quba rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsini müsbət qiymətləndirib, rayonda bu sahədə mövcud vəziyyətlə bağlı çıxış edib.

İştirakçılara qadın və uşaqların sağlamlığı, yoluxucu xəstəliklər, xüsusilə də İİV/QİÇS xəstəliyi və fəsadları, bu xəstəlikdə qorunma üsulları, reproduktiv sağlamlıq, ailə planlanması, yalnız arzuolunan körpələrin doğulmasının zəruriliyi haqqında məlumatlar verilib.

İcma səviyyəsində maarifləndirmə işinin aparılması, nəşrlərin paylanması uşaq və qadınların sağlamlıqlarının qorunmasına, erkən nikahların, abortların qarşısının alınmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların biliklərinin artırılmasına xidmət edir.

Tədbir iştirakçılar arasında mövzu ətrafında fəal müzakirələr aparılıb, bu kimi tədbirlərin ölkənin ucqar rayonlarında keçirilməsinin əhəmiyyətini, həmçinin sağlam körpələrin doğulmasına, ana və körpə ölümünün azalmasına, orta ömür göstəricilərinin yüksəldilməsinə nail olmaq üçün səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər