2 İyun 2015 11:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Qarayev: "Hər hansı əlil uşağın taleyi ilə müqayisədə məhəbbət məfhumu sıfırdan da aşağıdır"

İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər qüvvəyə minir.

Nazirlər Kabineti sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən, diyar xəstəliyi olan talassemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı", "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası" və "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması" təsdiq edilib.

Qaydaya görə, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək. Beləliklə, nikaha daxil olmaq istəyən şəxslərin hər biri müxtəlif xəstəliklərə, o cümlədən talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Nəticələr həkim sirridir

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirri hesab olunur.
Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat çatdırılır və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birgə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

Tibbi müayinəyə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına bilavasitə tibb müəssisəsinin rəhbəri nəzarət edir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Cütlüklər hansı tibb müəssisələrində yoxlana bilər?

Qərarla bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, qurumda qarşıya qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün ciddi hazırlıq işləri aparılıb, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib.

Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında mərkəzi rayon xəstəxanalarının və ya şəhər xəstəxanalarının, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər.

Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar.

Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib. Eyni zamanda, Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılıb.

Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyğun bütün lazımi laborator avadanlıq və kadrlarla təmin olunub. Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyğun olaraq rayon mərkəzi xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb.

Qeyd olunduğu kimi, ailə qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi üçün bütün şərait yaradılıb. Amma bir çoxları faydalı olsa da, bu məsələnin cəmiyyətdə maraqla qarşılanmadığı qənaətindədir.

Boşanmaların sayı azalacaq

Memorial Klinikanın həkim-pediatrı Vaqif Qarayev deyir ki, sosial şəbəkələrdə dəfələrlə bu mövzuya toxunsa da, əhalini daha çox həkimlərin məsələni rüşvətlə həll edəcəyi tərəfinin maraqlandırdığı ortaya çıxıb:

"Baxmayaraq ki, qərar tibbi baxımdan əlavə, sosioloji əhəmiyyətə də malikdir. Bu, xəstə uşaqların doğulmasını əngəlləməklə yanaşı, gənc ailələrdə yaranan narazılıqların, boşanmaların da qarşısını almaq üçün faydalıdır. Qərar hələ təsdiqlənməmişdən əvvəl bir çoxları yersiz fikir səsləndirirlər ki, bu, həkimlər üçün əlavə qazanc yeridir, saxtakarlıq olacaq və sair.

Tutaq ki, həkimin vicdanı yoxdur və o pulla yalan məlumat yaza bilər. Bəs gənclərin özünün düşüncəsinə nə gəlib ki, kədərli gələcəklərinə bilərəkdən qərar versinlər. Ümumiyyətlə, hansı valideyn pul verib doğulacaq övladını əlil, xəstə görməyə könüllü razılıq verə bilər ki?

O qədər ailələrdə müşahidə etmişəm ki, gedirsən uşağı müayinəyə, görürsən, divardan cütlüklərin toy günlərinin xoşbəxt şəkilləri boylanır, amma bir il sonra onlar xəstə uşaqlarına kədərlə baxırlar. Ötən müddət ərzində nə sevgi qalır, nə istək. Amma sağlam övlad təkcə bir ailənin deyil, bir cəmiyyətin uğurudur.

Mənə görə, hər hansı əlil uşağın taleyi ilə müqayisədə məhəbbət deyilən bir məfhum sıfırdan da aşağıdır. Sevgi hissdir, keçəcək və ya hansısa formaya çevriləcək, amma xəstə övlad dəyişmir, bədbəxt ailələrin sayını artırır. Bunun qarşısını almaq üçünsə cütlüklərin nikahdan öncə müayinədən keçməsi vacibdir.

Xeyli vaxtdır buna hazırlıq gedir və ölkədə evlənəcək cütlükləri müayinə edəcək kifayət qədər tibb müəssisəsi var. Burada əsas maraqlı tərəf əhalinin özü olmalıdır. İctimaiyyət özü rüşvət tələb edən həkimin üstünə getməlidir. Bu gün atılan addım uğurlu, sağlam ailələrin sayının çoxalması deməkdir".

Qeyd edək ki, ölkədə bir ilə orta hesabla 85-90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24 faizi Bakı şəhərinin payına düşür, qalan 76 faiz regionlarına aiddir.

Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçməsi deməkdir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər