Hər il olduğu kimi, bu il də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı” elan edilib.
Aylıq çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin və “Sahibkar qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyunun 3-də Gəncədə “İnsan hüquqlarının qorunması” mövzusunda seminar keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə iştirakçılara gənclərin, qadınların, uşaqların, əlillərin, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.