18 İyun 2015 14:30
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə ABŞ-ın “Jewish Journal” yəhudi qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin daimi bloqu yaradılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycanın Dağ Yəhudiləri” adlı bloqda müəllifin ölkəmizdə yəhudilərin həyatını əks etdirən, eləcə də, digər mövzular ətrafında məqalələrin dərci nəzərdə tutulub. Bloqun yaradılmasında əsas məqsəd Azərbaycan haqqında, xüsusilə də ölkəmizin qədim tolerantlıq ənənələri və bu ənənələrin daha gücləndirilməsi üçün respublikamızda görülən işlər barədə ABŞ ictimaiyyətinin məlumatlandırılmasıdır. Artıq bu səpkidə birinci məqalə - “28 May” başlığı ilə dərc olunub. Məqalədə ilk öncə, müəllif rəhbərlik etdiyi icma ilə Kaliforniyada yaşayan yəhudi icması arasında münasibətlərin qurulmasının tarixçəsindən və bu münasibətlərin inkişafından söz açıb. M.Yevdayev cari ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın hədiyyə edilməsini işıqlandıraraq, bunu tarixi hadisə hesab edib. Müəllif vurğulayıb ki, bu, Azərbaycan dağ yəhudiləri və Los Anceles yəhudiləri arasında güclü əlaqələrin qurulduğunu ifadə edir.

M.Yevdayev məqalənin sonunda Azərbaycanın dinlərarası harmoniya baxımından uyğun bir model olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycanda yəhudilər əsrlərdən bəri hər hansı təqibə və ya ayrı-seçkiliyə məruz qalmadan azərbaycanlılarla tam qarşılıqlı anlaşma, sülh və həmrəylik şəraitində yaşayırlar.
M. Yevdayevin məqaləsi qısa müddətdə geniş oxucu kütləsinin diqqətini çəkə bilib. Məqalənin yerləşdiyi bloqa oxuculardan müsbət şərhlər göndərilib.

Qeyd edək ki, “Jewish Journal” ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi qəzetidir. Qəzetin aylıq 4.5 milyon nəfər oxucusu var.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər