Ermənistan silahlılarının Azərbaycanın işğal altında olan ərazilərində törətdikləri yanğınlar davam edir.
Teleqraf.com-un xəbərinə görə, ötən gecə törədilən yanğınlar təmas xəttini keçərək geniş ərazini əhatə edib. Sürətlə yayılan alovun yerli sakinlərin taxıl zəmisinə keçməsi təhlükəsi olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Tərtər Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb edilib. Qapanlı və Qaradağlı kənd sakinlərinin də köməkliyi ilə taxıl zəmilərinə doğru yayılan alovun qarşısı zəmilərin təxminən 50 metrlik məsafəsində məhdudlaşdırılıb.
Sakinlərin bildirdiyinə görə, axşam saat 8 radələrində başlanan yanğın qısa bir zamanda genişlənib. Havanın mehli olması isə alovun yayılmasını daha da sürətləndirib. Yanğının taxıl sahələrinə keçməsi isə təxminən 50-60 hektarlıq bir ərazini tamamilə məhv edə bilərdi.
Alovun zəmilərə keçməsinin qarşısı nisbətən alınsa da, yanğınlar digər ərazilərdə səhər saatlarına qədər davam edib. Yerli sakinlər bu hadisələrdə ən diqqət çəkən məqamın son günlər yanğınların axşam saatlarında törədilməsinin olduğunu bildirdilər.
Daşqın Abdullayev