24 İyun 2015 11:45
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin Azərbaycanda 50 məktəbin təmayülləşməsi ilə bağlı verdiyi qərarda 4 profil - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət üzrə tədris planlarında informatika fənninin adı yoxdur. Təmayüllərə ayrılan X-XI siniflərdə ixtisar edilmiş 9 fəndən birinin də informatika olması sözün müxtəlif mənalarında diqqəti cəlb edib.

Kadr çatmır, qəbul imtahanına salınmır

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, təmayülləşmə ilə bağlı məlum qərarda informatika fənninin tədrisinin ləğvi düzgün deyil. Onun sözlərinə görə, informatikanın bəzi məktəblərdə zəif tədrisi, qəbul imtahanına informatikadan sual daxil edilməməsi, məktəblərdə kompüterləşmənin hələlik zəif olması, müəllim çatışmazlığı kimi səbəblər belə həmin fənninin ləğvinə əsas vermir.

Ekspertin sözlərinə görə, informatikanın tədris proqramını dəyişmək, kodlaşdırmaya, alqoritmik təfəkkürün formalaşmasına diqqəti yönəltmək daha doğru olardı.

Bir neçə informatika müəllimi ilə söhbətimizdən məlum oldu ki, məktəblərdə informatika siniflərində əyani vəsait çatışmazlığı da var. Hətta Bakının bəzi məktəblərində də informatika siniflərində kompüter yoxdur. İnformatika təlimi keçən ibtidai sinif müəllimlərinin bəziləri bu fənni mənimsəyə bilmədikləri üçün onun tədrisi aşağı səviyyədə olur, bundan da yuxarı siniflərdə informatika müəllimləri əziyyət çəkir.

Sumqayıt şəhər 32 nömrəli məktəbin müəllimi Gülüstan Orucova deyir ki, informatika.az saytından mütəmadi olaraq açıq dərsləri videomateriallardan izləməsi onun tədrisinin təkmilləşməsinə böyük dəstək verir.

Məktəblərdə informatika dərslərinin tədrisi vəziyyəti ilə bağlı orta məktəblərdə informatika dərsliyinin həmmüəllifi və informatika.az saytının rəhbəri Naidə İsayeva ilə söhbətləşdik.

“Ümid edirik ki...”

Naidə İsayeva bildirdi ki, hazırda təmayülləşmə ilə bağlı 50 məktəbi əhatə edən pilot layihəyə nazirlikdə bir daha baxılacağına və müvafiq düzəlişlər ediləcəyinə böyük ümidi var: “İnformatika müəllimləri texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərin tədris planına informatika fənninin daxil ediləcəyini gözləyirdik. Çünki ötən illərdə tətbiq olunan pilot layihənin təhsil nazirinin 5 avqust 2014-cü il tarixli, 847 nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi tədris planlarında informatika fənninə geniş yer verilirdi.

Əlbəttə, vəziyyət dəyişməzsə, bu 50 məktəbdə tam orta təhsil səviyyəsi üzrə şagirdlərin fənn kurikulumunda nəzərdə tutulmuş təlim nəticələrinə nail olmaq mümkün olmayacaq. Deməli, bizim düşündüyümüz strategiya IX sinindən sonra yarımçıq qalacaq. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə bir daha qayıdılacaq və bu sahənin mütəxəssislərinin də iştirakı ilə ümumi müzakirələrdə daha düzgün qərar veriləcək".

Naidə İsayevanın sözlərinə görə, Azərbaycanın ümumtəhsil məktəblərində informatika fənni 1990-ci ildən tədris olunmağa başlayıb. Uzun illər məktəblərdə informatika dərsləri, demək olar ki, kompüterlərsiz tədris olunub. 2005-cü ildən məktəblərin kompüter texnikası ilə təminatına başlanıb, informatikadan yeni dərsliklər yazılıb, bu fənn I sinifdən XI sinfə kimi tədrisinə qərar verilib: “İnformatika hazırda yalnız IX siniflərdə tədris planına daxil edilmir. Amma tədris planlarına dair qeydlərdə yazılıb ki, müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris bazası olan ümumtəhsil məktəblərinin IX siniflərində fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatların 1 saatı dərs cədvəlinə daxil edilməklə informatika fənninin tədrisinə verilir”.

Məktəblərdə informatika dərsləri tədrisinin onu qane etmədiyini söyləyən əməkdar müəllim bunu səbəblərini belə açıqladı: “Səbəbləri çoxdur. Məktəblərin texniki təminatı, müəllim çatışmazlığı, tədris planlarında fənnə ayrılan saatların azlığı və sair. Təhsil Nazirliyi son zamanlar məktəblərin texniki bazasını yeniləyir, məktəbləri kompüter avadanlıqlarla, interaktiv lövhələrlə təchiz edir. Bu, müsbət haldır.

Şagirdlərin informatikaya marağı artıb. Bu, keçirilən olimpiadalardan, yarışlardan da bəllidir. Amma elə məktəblər var ki, onlarda indiyə kimi köhnə avadanlıqlar, işləməyən kompüterlər quraşdırılıb. Bu da dərs prosesində onların istifadəsini çətinləşdirir”.

Müsahibimiz dedi ki, Azərbaycan məktəbləri informatika üzrə beynəlxalq olimpiadalarda da fəaldır: “Azərbaycan yığma komandası Beynəlxalq İnformatika Olimpiadasında ilk dəfə 1994-cü ildə təmsil olunub. İndiyə kimi bizim komandamız hər il keçirilən beynəlxalq olimpiadada iştirak edir. Bu il də milli komandamız Qazaxstanda keçirilən Beynəlxalq informatika olimpiadasına qatılacaq”.

Kadrları harda hazırlamalı?

Qeyd edək ki, “informatika müəllimi” ixtisası üzrə kadrlar Bakı Dövlət Universiteti və Azərbaycan Pedaqoji Universiteti hazırlanır. Naidə İsayevanın fikrincə, bu, kadr sayı üçün yetərli deyil: “Həm də nəzərə almaq lazımdır ki, ali məktəbi bitirən şəxslər hamısı orta məktəblərə getmir. Onların ancaq bir qismi informatika müəllimi vəzifəsində çalışır, qalanlar isə müxtəlif İKT sektorunda özünə iş tapır. Bu səbəbdən məktəblərdə çatışmayan informatika müəllimləri digər fənn müəllimləri ilə əvəz edilir.

Adətən, informatika dərslərini riyaziyyat, fizika müəllimləri, ibtidai siniflərdə isə ibtidai sinif müəllimləri keçir. Aydındır ki, ixtisası informatika olmayan müəllimlər dərslərə soyuq yanaşır, bəzi mövzuları buraxırlar, şagirdlərin suallarını cavablandırmağa çətinlik çəkirlər. Bölgələrdə belə hallar daha çoxdur. Son zamanlar Təhsil Nazirliyi bu problemi həll etmək üçün müxtəlif addımlar atır".

Rəsmi mövqe: “İKT-nin seçmə fənn kimi tədrisi qadağan deyil”

Təhsil Nazirliyinin QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov məsələ ilə əlaqədar bildirib ki, təmayülləşmə X-XI sinifləri əhatə edir və informatika fənninin ləğvindən söhbət getmir: “Onda biz həmin məktəblərdə vaxtilə tədris olunmuş 18 fənnin 9 -u haqqında da eyni cür düşünə bilərik. Təmayülləşmənin əsas məqsədi odur ki, şagird seçdiyi ixtisas üzrə meyl və marağına uyğun daha dərin hazırlığa malik olsun.

İnformatika fənni üzrə məktəblilər I-IX siniflərdə biliklər qazanırlar. Şagirdlər seçdikləri təmayül istiqamətlərdə İKT bacarığından yararlanaraq biliklərə sahib olurlar. Bu müasir dünyanın sadə reallığıdır. 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris olunan fənləri İKT, internet olmadan necə təsəvvür etmək olar? Ümumiyyətlə, müasir biliklərin tədrisini İKT bacarıqları olmadan təsəvvür etmək mümkün deyil. Təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisini heç kimi qadağan etmir".

Sevil Hilal


Müəllif:

Oxşar xəbərlər