İyunun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub.
Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində bir araya topladı. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri Xəzərin sahilindəki bu məkanda yay mövsümünün xoş ovqatını, günəşli günlərin qayğısız anlarını yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladları ilə birlikdə uşaqların şənliyinə qoşuldu.
Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar bu isti yay günlərində Fondun onlar üçün hazırladığı çimərlik geyimlərində hovuzda üzdülər, müxtəlif oyunlarda iştirak etdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.
Leyla Əliyeva uşaqlarla söhbət etdi, onlar üçün təşkil olunan bu şənliklə bağlı fikirləri ilə maraqlandı. Uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti hədiyyəsini bəxş etdi, mənalı və unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik uşaqları sevindirdi.
Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən aksiyalar ilk növbədə məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, yeni məktəb binalarının tikilməsinə yönəlib.
Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi