Alimlər psixiki pozğunluqlardan əziyyət çəkən adamlara bir müddət yatmamağı məsləhət görürlər. Oksford Universitetinin alimləri könüllülərə ağır səhnələri olan film nümayiş etdiriblər. Sonra onların bir hissəsi ayıq qalıb, digərləri isə yatmağa gediblər.
Teleqraf.com "The Daily Mail" nəşrinə istinadla xəbər verir ki, filmə baxdıqdan sonra gündəlik işləri ilə məşğul olan könüllülərdə filmin yaratdığı xoşagəlməz təəssüratların sayı və intensivliyi az olub.
Britaniya alimlərinin fikrincə, travmatik hadisələrlə bağlı xoşagəlməz təəssüratlar yuxudan sonra yaddan çıxmır. Əksinə, istirahət zamanı beyin keçirdiyi emosiyaları yenidən saf-çürük edir və bu zaman həmin təəssüratlar beyində daha möhkəm kök salır.
Həkimlər travmatik pozğunluqlardan əziyyət çəkən insanlara yuxu dərmanları təyin edirlər. Alimlər hesab edirlər ki, bu, düzgün yanaşma deyil. Psixoloqa müraciət enmək daha səmərəlidir. Bəzi hallarda insanın "zərərli" emosiyalara üstün gəlməsi üçün onun müəyyən müddət yatmaması daha yaxşıdır.