9 İyul 2015 21:00
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 2015-ci il üçün Hazırlıq Planına əsasən, 9 iyul tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Şirvan şəhər İcra Hakimiyyətində “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda şəhər müşavirəsi keçirilmişdir.

Teleqraf.com FHN-in saytına istinadən məlumat verir ki, müşavirədə İcra Hakimiyyətinin rəhbər işçiləri, Şirvan şəhər fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Şirvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Muğan Regional Tikinti Müfəttişliyinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfahət Əsgərov gündəlikdə duran məsələnin aktuallığını vurğulamış və keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.

Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaradılmasından ötən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Rəis müavini icra sturukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır. Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin nümayəndəsi və Mərkəzin əməkdaşları ”Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Şirvan şəhəri ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Şirvan şəhər İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, ”Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” haqqında geniş məruzə ilə çıxış etmişlər.

Şirvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Ramin Şıxəliyev öz çıxışında fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin təmin edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilərkən qarşılıqlı fəaliyyətin təşkili, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə məlumat vermişdir. Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Şirvan şəhəri ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən tövsiyələrin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.


Müəllif:

Oxşar xəbərlər