18 İyul 2015 08:33
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 18 yaşadək nikah bağlayan gəlinlərin sayı 2 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə 86 852, 2014-cü ildə isə 84 912 rəsmi qeydə alınmış nikah bağlanıb.

Bu sayın azalmasına baxmayaraq, ötən il ərzində yaşı 18-dək olan qızların rəsmi nikaha daxil olması halları artıb. Azərbaycanda 2013-cü ildə 18 yaşadək gəlinlər tərəfindən 229, 2014-cü ildə isə 479 rəsmi qeydə alınmış nikah bağlanıb. Son iki ildə rəsmi qeydə alınmış nikaha daxil olan 18 yaşadək oğlanların sayı 2 nəfər olub.

Qeyd edək ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Azəbaycanda 18 yaşadək nikaha daxil olan qızların sayı 2011-ci ilə qədər daha çox olub. Həmin ilədək belə nikahların sayı il ərzində təqribən 4000-5000 olub. Son illərdə yaşı 18-dək olan qızlarla nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.


Müəllif:

Oxşar xəbərlər