Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşları həyatlarını təhlükəyə atmamağa çağırır
Bu ilki çimərlik mövsümündə dənizdə boğulma hallarına tez-tez rast gəlinir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyevin sözlərinə görə, bu ilin 7 ayı ərzində 169 nəfər xilas olunub: “Onlardan 110 nəfəri xilasetmə xidmətinin əməkdaşlarının qoruduğu ərazilərdə, qalan 59 nəfəri isə qurum tərəfindən qorunmayan ərazilərə yaxın xilasedicilər tərəfindən sudan çıxarılıb.
Suda boğulma hallarına çay və ya göllərdə də rast gəlinir. Bunların səbəbi təhlükəsizlik qaydalarına əməl etməməklə bağlıdır. Biz hər gün hadisələrlə bağlı məlumatlar və onların səbəblərini nazirliyin saytında yerləşdiririk. Ərazi səhər saat 9-dan gecə 9-a kimi tam nəzarət altında saxlanılır. Artıq faciəli faktlar narahatlıq doğurmağa başlayıb. Dövlət Sularda Xilasetmə Xidməti də vətəndaşları qeyri-çimərlik sahələrində həyatlarını təhlükəyə atmamağa çağırır".
Sektorunun müdiri deyir ki, xilasedicilərin işlərini çimərliklərin yaxınlığında yerləşən kafelər çətinləşdirir: “Çünki həmin ərazidə vətəndaşlar istirahət edirlər. Baxmayaraq ki, həmin ərazilər xilasedicilərdən 5 kilometr aralıda yerləşir. Hər hansı bir boğulma hadisəsi olan zaman bizim xilasediciləri çağırırlar. Axı, həmin kafelərin öz xilasediciləri yoxdur. Qrup şəklində gələn məktəblilərə və spirtli içki qəbul edənlər xəbərdarlıq edilsə də, onlar bu məsələyə qeyri-ciddi yanaşırlar.
Spirtli içki qəbul edənləri yola gətirmək çətin olduğu üçün bəzən ərazidəki polisin xidmətindən istifadə edirik. Təəssüf ki, ərazidə spirtli içkilər satılır. Bu məsələyə icra hakimiyyətləri nəzarəti gücləndirməlidir. Çimərliklərin davranış qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Biz də həmin qaydalar əsasında işləyirik".
“Skuterlər çimərlikdə üzən insanlar üçün təhlükədir”
Mansur Piriyev deyir ki, insanlar çimərlik ərazisində öz şəxsi skuterlərini kirayə verirlər: “Amma bu, düzgün deyil. Bəzən skuter sürənlərin qoruyucu jiletləri olmur, həm də çimən insanların yaxınlığında təhlükəli manevr edirlər, bu isə yolverilməzdir. Bununla bağlı suda boğulma hallarının artması artıq narahatlıq doğurmağa başlayıb. Bu məqsədlə Sularda Xilasetmə Xidmətinin dalğıcları mütəmadi təlimlərə başlayıblar”.
DSXX-nin sözçüsü bildirdi ki, suda boğulma hadisələrinə təkcə paytaxtda yox, rayonlarda da rast gəlinir: “Bu məsələdə icra hakimiyyətləri və bələdiyyələrin məsuliyyətli olmalıdır. Baş verən hadisələri nəzərə alaraq Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən 20-yə yaxın rayonda çay, göl kənarlarında monitorinq aparmışıq və nəticələrlə əlaqədar rayon icra hakimiyyətləri ilə birlikdə müşavirələr aparılıb. Məqsədimiz odur ki, bu cür hadisələr baş verənə qədər qabaqlayıcı tədbirlər görülsün. Çünki maarifləndirici tədbirlər hadisələrin sayını azalda bilər.
Yerli bələdiyyə, polis və icra nümayəndələri çay, göl yaxınlığında profilaktik tədbir görməlidirlər. FHN əməkdaşlarının Xəzər dənizi, bütün çay və göllərin kənarında düzülməsi real deyil. İcra hakimiyyətlərinin əsasnamələrində də su hövzələri ilə bağlı hansı tədbirlər görmələri göstərilib. Hər hansı kənddə hər il çayda uşaq boğulursa, bunun qarşısı alınmırsa ona nə ad vermək olar".
Nəzarətsiz uşaqlar
Mansur Piriyev deyir ki, qurumun xilasedicilərinin fəaliyyət göstərdiyi çimərliklərdə suda boğulma hadisəsi qeydə alınmayıb: “Havanın küləkli olduğu günlərdə insanların dənizdə çimməsi təhlükəlidir. Bununla bağlı çimərliklərdə xəbərdarlıq edici nişanlar quraşdırılsa da, buna çox vaxt bunlara əməl etmir.
Ümumiyyətlə, küləkli havada dənizə girmək həm də xilasedicilər üçün təhlükəlidir. Küləkli hava sualtı axın yaradır, dalğaların hərəkətinə təsir edir".
Sektor müdiri valideynlərin də uşaqları təkbaşına çimərliyə buraxmamalı olduğunu bildirdi. Onun sözlərinə görə, bu günlərdə məktəblərin yay tətilində olmasını fürsət bilən azyaşlılar valideynləri ilə və ya təkbaşına, dostlarla kütləvi şəkildə çimərliyə üz tuturlar: “Bu zaman başı müxtəlif oyunlara qarışan uşaqlar bədbəxt hadisə ilə üzləşməli olurlar. Onların əksəriyyəti çimərliyə üzməyə yox, oynamağa, qaçmağa, vaxtını maraqlı keçirməyə gəlirlər. Bəzən dənizin içərisində voleybol oynayırlar. Əslində, ilk baxışdan burada təhlükəli bir şey görünmür. Amma bəzən hər şey topun dənizin dərinliklərinə, sahildən uzağa getməsi ilə başlayır. Topu gətirmək üçün üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru getməsi isə artıq bədbəxt hadisənin başlanğıcı sayıla bilər”.
İlhamə Əbülfət