5 Avqust 2015 16:56
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qəbələ şəhərində “İqlim dəyişmələrinə uyğunlaşdırılmanın aləti kimi suların inteqrasiyalı idarəetməsi” mövzusunda təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində təşkil olunmuşdur.

İştirakçıları salamlayan BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev su və sel inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasını bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirmiş və keçirilən təlimin ölkə səviyyəsində böyük töfhələr verəcəyini xüsusi qeyd etmişdir.

Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azkov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, hal-hazırda iqlim dəyişikliyi və onun törətdiyi fəsadlar Azərbaycan üçün çox mühüm məsələlərdəndir. Belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılmış və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparmışlar. İştirakçılar həmçinin Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modelini və ondan istifadə vasitələri haqqında ətraflı məlumatlandırılmışlar. Bu imkanların yerli səviyyədə tətbiqinin müzakirəsi və müəyyənləşdirilməsi üçün dəyirmi masaların təşkili vacib sayılmışdır. Müzakirələr nəticəsində əldə ediləcək nəticələr layihə çərçivəsində müvafiq layihə komponentlərinin hazırlanmasında yardımçı olmuşdur.

Təlimdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Agencliyi, Kənd Təsərrüfatı Nazirliyi, AzərSu ASC, BMTİP, İcra Hakimiyyəti və yerli icmaların nümayəndləri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak etmişlər.


Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və BMTİP ilə birgə həyata keçirilən adı çəkilən layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və daşqın idarə sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır. Layihə adaptasiya ehtiyaclarına cavab verən su və daşqın idarəsi sistemlərini dəyişməkdə köməklik göstərəcək və iqlim riskləri idarəetməsini təkmilləşdirəcək, lazimi qurumların, su və daşqının risklərinin azaldılması üçün idarəetmədə qabaqcıl təcrübə tətbiq etmək bacarıqlarını formalaşdıracaq və yerli iqlim riskləri idarəçilik təcrübələrini təqdim etməklə ictimaiyyətin daşqın və su risklərinə qarşı dözümlülüyünü artıracaqdır.

Cavidan


Müəllif:

Oxşar xəbərlər