11 Avqust 2015 08:36
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsəndə BMT Modeli Yay Məktəbi keçirir.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın müxtəlif ali məktəblərindən 80 nəfər iştirakçının qoşulduğu Yay Məktəbinin əsas məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiyaya marağının dəstəklənməsi, gənc diplomatların təcrübə qazanması və BMT strukturlarının işi ilə daha yaxından tanış olmaqdır.

“Beynəlxalq hava məkanında təhlükəsizliyin təmin edilməsi” və “Qadınların top menecment vəzifələrdə təmsilçiliyi” mövzuları ətrafında aparılacaq müzakirələr BMT Baş Assambleyası formatında keçiriləcək. 3-günlük simulasiyadan başqa, BMT Modeli Yay Məktəbinin proqramında araşdırma, danışıq və təqdimat bacarıqlarının inkişafına hədəflənən təlimlər də nəzərdə tutulub.

Adı çəkilən Yay Məktəbi BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün əsasların yaradılması” adlı birgə layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) şəbəkəsinin yaradılması və Milli BMT Modeli (National MUN) konfransının da keçirilməsi nəzərdə tutulmuşdur. Xatırladaq ki, BMT Modeli Yay Məktəbi Milli BMT Modeli konfransına hazırlıq xarakteri daşıyır.

Yay Məktəbinin 10-14 avqust tarixlərində keçirilməsi təsadüf deyil, belə ki, layihə tərəfdaşları bir araya gələrək 12 avqust tarixində Beynəlxalq Gənclər Gününü bu tədbir çərçivəsində birgə qeyd edəcəklər. Xatırladaq ki, bu ilki Beynəlxalq Gənclər Gününün əsas mövzusu könüllülük və gələcək Dayanıqlı İnkişaf Gündəliyində (Post-2015) gənclərinin rolunun artırılmasını təşviq etməkdir.

Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. İştirakçılar təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayır. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və kompromisə getmə yollarının öyrədilməsidir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər