Tələbə adı qazanmış şəxslər avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bu barədə Teleqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
TQDK xəbərdarlıq edir ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.