Zəmanət Daşdəmirov: “Abid Şərifov dedi, sənədlərinizi gətirin, görək necə fəaliyyət göstərmisiz”
Bu il mayın 19-da Binəqədi rayonu ərazisində yanan binada zərər çəkmiş sakinlərdən olan Zəmanət Daşdəmirov redaksiyamıza müraciət edib. Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binanın sakini Zəmanət Daşdəmirovun bildirdiyinə görə, dəhşətli yanğın müvəqqəti yaşadığı ikiotaqlı mənzillə yanaşı, bina yaxınlığında yerləşən internet kluba da ziyan vurub.
Binadakı dəhşətli yanğın sözügedən internet klubun içindəki avadanlıqları tamam yararsız hala salıb. 16 il həmin binada yaşamış zərərçəkən qaldığı mənzilin ona aid olmadığını deyib: “Mənzil sahibi olan qohumum özümə ev alana kimi kömək məqsədilə həmin binanın 46-cı mənzilində məskunlaşmağıma razılıq vermişdi”.
Hazırda zərərçəkənin ailəsi Goradildə Sərhəd Qoşunlarının pansionatına yerləşdirilsə də, obyektlə bağlı dövlət tərəfindən hər hansı yardım almayıb. Zəmanət Daşdəmirov deyir ki, yeganə qazanc yeri həmin internet klub olduğu üçün ailəsini dolandırmaq çətinləşib. Üstəlik, yanğından 2 ay öncə biznesini inkişaf etdirmək və evinin təmiri üçün “Ekspress” bankdan 10 min manat dəyərində kredit də götürüb.
Əvəzində evini və klubun avadanlıqlarını girov qoyduğu üçün bu günə kimi aylıq ödəmələri borc alaraq ödəyir: “Bank mənə krediti biznesimin gəlirlərini nəzərə alaraq vermişdi. Mən aylıq gəlirimi hesablayıb, belə bir yükün altına girmişdim. Ayda banka 525 manat ödəməliyəm, artıq 3 aya yaxındır, işsiz qalmışam, heç bir yerdən əlavə köməyim yoxdur. Bununla bağlı ölkə Prezidentinə və yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının bütün üzvlərinə müraciət etmişəm. İki aydan çox vaxt keçsə də, müraciətlərim nəticəsiz qalıb.
Məsul şəxslər kömək etmək əvəzinə, məsuliyyəti başqa qurumların üzərinə atırlar. Baş prokurorluqda zərərçəkən kimi tanınmışam. Baş prokurorluğa verilən izahatda biznesimə və obyektimə dəyən ziyan 15 min manat dəyərində qiymətləndirilib. Obyektin damı, qapıları, kommunikasiya xətləri yanaraq tam yararsız hala düşüb".
Zəmanət Daşdəmirov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda da olub. Onun sözlərinə görə, hələ ilk görüşdə Hacıbala Abutalıbov yanğından ziyan çəkən hər bir kəsə yardım ediləcəyinə, heç kəsin narazı qalmayacağına söz vermişdi: “Hacıbala müəllim bizə dedi ki, yanan qeyri-yaşayış obyekt və maşın sahibləri ilə ayrılıqda gün təyin edib görüşəcək. Amma indiyədək belə görüş keçirilməyib”.
Zərərçəkənin sözlərinə görə, Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov avqustun 15-də yanan qeyri-yaşayış obyekt sahibləri ilə görüşüb. Abid Şərifov zərərçəkənlərə bildirib ki, yanan bina ilə bağlı müvafiq sərəncamda qeyri-yaşayış obyektləri ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığına görə heç bir yardım edilməyəcək: “Biz zərərçəkənləri qane edən cavab verilmədiyi üçün Abid müəllimdən Prezidentin sərəncamının icra olunmasını xahiş etdik. Çünki sözügedən sərəncamda ümumilikdə zərərçəkən ifadəsi qeyd olunub. Sərəncamda vurğulanır ki, baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyan hesablansın. Mənim əmlakıma da yanğın nəticəsində ziyan dəyib. Biz Abid müəllimdən bunun araşdırılmasını xahiş etdik”.
Zəmanət Daşdəmirov deyib ki, Abid Şərifov bu müraciətə cavabında onlarla hədə tonunda danışıb: “Abid müəllim bizə bildirdi ki, hələ sənədlərinizi gətirin görək, necə fəaliyyət göstərmisiniz”.
Müsahibimiz yaranmış situasiya ilə bağlı aidiyyəti qurumlardan heç bir kömək olmadığı üçün çarəni ölkə başçısına müraciətdə görür. Zəmanət Daşdəmirov Prezidentə müraciət edərək obyekti ilə bağlı dəymiş ziyanın ödənməsinə dair müvafiq göstəriş verilməsini xahiş edib.
NƏRGİZ