Azərbaycanlıların son illərdə diaspor fəaliyyətində daha çox aktiv olmaları, istedadlı, savadlı və bacarıqlı gənclərimizin xarici ölkələrdən xoş xəbərlərinin gəlməsi haqqında xeyli sayda məlumatlar gəlməkdədir. Bu günlərdə bu xəbərlər arasında daha çox diqqət çəkəni isə Misirdə yaşayan bir azərbaycanlı uşağın uğurları haqqında məlumat oldu.
Teleqraf.com-un məlumatına görə, atası misirli anası isə azərbaycanlı olan Sandi adlı bu istedadlı uşaq 6 dil bilir, musiqi təhsili var və pianoda klassiklərin əsərlərini ifa etməyi bacarır (bir sıra musiqi yarışlarında mükafatlar alıb), üzgüçülük üzrə Misirdə mükafatlar qazanıb. Bir çox bacarıqları ilə seçilən Sandi Salim haqqında məlumat verən onun anası Sədaqət Əli Əşrəf deyir ki, Sandi Misirdə yerləşən bir sıra səfirliklərdə keçirilən tədbirlərə də dəvət alır və öz bacarıq və istedadına görə artıq uşaq yaşından Qahirədə diqqət mərkəzinə düşə bilib: “O, Misirdə təşkil olunan Azərbaycanla bağlı tədbirlərin birini də buraxmır. Türkiyənin, Çinin və digər ölkələrin Misirdəki səfirindən də mükafatlar alıb. Bütün bunlar onun istedad və bacarıqlarına görədir. Hər sahədə aktivdir, Azərbaycan rəqslərini səfirliklərin tədbirlərində ifa edir. Üzgüçülük üzrə isə Misirdə keçirilən yarışlarda dəfələrlə mükafatçılar sırasına düşə bilib. Sandi 6-cı sinfə keçir və Misirdə də deyirlər ki, bu yaşda 6 dil bilməsi eyni vaxtda bir neçə sahədə uğurları sıralaması bu uşağın vunderkind olmasından xəbər verir. Getdiyi bütün tədbirlərdə də Azərbaycan bayrağını əlindən əskik etmir. Məni də ən çox sevindirən budur. Sandi haqqında dəfələrlə Misir mətbuatı yazsa da, çox istərdim bu istedadlı uşaq barəsində Azərbaycan mətbuatı da məlumatlı olsun. “Diplomatiya”, “Alaadin” uşaq jurnalı və digər Misir mətbu orqanlarında onun haqqında məqalələr çap olunur. Təkcə üzgüçülük və musiqi yarışları deyil, Misirdə rəsm üzrə müsabiqədə birinci yerə çıxmasından sonra o rəsmə də böyük maraq göstərib və qumla rəsm çəkməyi də öyrənir. Onda bu maraq Avropa Oyunlarının bağlanış mərasimində olan göstəridən sonra daha da artdı”.
Qeyd edək ki, Sandi İngiltərənin “Royal Music” Akademiyasının Misirdəki filialını bitirib, hazırda isə piano üzrə magistraturada oxuyur. 6 dil-azərbaycan, ərəb, rus, ingilis, fransız və türk dillərində sərbəst danışan Sandi yeni dil öyrənəcəyini deyir və gələcəkdə həkim olmaq istəyir. O, gələcəkdə Azərbaycanda yaşamaq və öz istedad və bacarıqları ilə Azərbaycandan parlamağı da arzu edir.