Bu günlərdə Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan Almaniya istehsallı “Helian” dərman şirəsində şüşə qırıqları aşkar edilib. Bunu Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı bu preparatın idxalçısı olan “Avromed” şirkətinin rəhbərliyi ilə görüş keçirilsə də, hələ heç bir nəticə əldə olunmayıb: “Bu dərmanın partiyası geri çağırılmadır. Biz hətta Səhiyyə Nazirliyinə müraciət etmişik...”
Eyyub Hüseynov hesab edir ki, normalda bu cür hallar aşkarlandıqda bu məhsullar geri çağrılmalıdır, bunun üçün xüsusi qaydalar olmalıdır. Birlik sədri təəssüflə ölkədə bu sahədə istehlakçıların hüquqlarını qoruyan effektli mexanizmlərin olmadığını vurğulayıb.
AİB sədri dərman preparatlarında problemin təkcə bundan ibarət olmadığını deyib. Onun sözlərinə görə, ölkədə dərman zəhərlənmələri ilk yerdədir. Ekspert Azərbaycanda dərman zəhərlənmələrinin daha çox xəstələrin məsuliyyətsizliyi səbəbindən baş verdiyini bildirsə də, son faktdan sonra preparatların tərkibinə də ciddi nəzarət olunmasını vacib sayır.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda qadın dərman zəhərlənməsindən ölüb. Könül Haqverdiyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və avqustun 5-də orada dünyasını dəyişib.
Azərbaycandakı rəsmi statistikaya əsasən, dərman zəhərlənmələrinə ən çox yuxu preparatları səbəb olur. Belə dərmanlardan asılı duruma düşən insanlar aşağı dozayla kifayətlənməyib, daha böyük dozalar qəbul etməli olurlar, bu isə ağırlaşmalara və ölümə gətirir.
“Antibiotikin az dozasından belə şoka düşə bilər”
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, sakitləşdirici, yuxugətirici, depressiya əleyhinə və vitamin preparatları daha çox zəhərlənmələrə səbəb olur: “Bu il zəhərlənmələr əsasən antibiotic və polivitaminlərdən baş verib. Əslində biz bunu zəhərlənmək kimi yox, bədənin zəif müqaviməti nəticəsində yaranan ağırlaşma kimi qəbul edirik. Əsas diqqətçəkən isə allergik reaksiyalardır. Dərman zəhərlənmələri böyüklər arasında olur, amma uşaqlarda da rast gəlinir. Ölüm faktı isə daha çox iynə şəklində antibiotiklərdən olur, bu zaman anafilaktik şok yaradır, bu isə ölümə səbəb olur”.
Müsahibimiz antibiotik vurulmazdan öncə hətta sınaq edilməsinin də ağırlaşmaların qarşısını almaq üçün vasitə olmadığını deyir: “Allergik problemi olan insanlara müxtəlif dərmanlar verilən zaman antiallergik fon yaradılmalıdır. Yəni dərmanın verəcəyi kəskin reaksiyanın qarşısını almaq üçün öncədən müxtəlif dərman vasitələrindən istifadə edilir. Sonra antibiotik bədənə vurulur. Çünki dərmana allergiyası olan xəstə antibiotikin az dozasından belə şoka düşə bilər”.
Antibiotiklərlə yanaşı, sedativ preparatların da zəhərlənməyə səbəb olduğunu deyən Azər Maqsudov bu fakta 25-40 yaşlı insanlar arasında daha çox rast gəlindiyini bildirdi.
Zəhərlənənlər arasında azyaşlıların da olmasının başlıca səbəbini nəzarətsizlikdə görən toksikoloq deyir ki, böyüklər arasında zəhərlənmə eyni zamanda, sakitləşdirici və antidepressant qrupa aid dərmanların həkim təyinatına riayət olunmadan qəbul edilməsi hallarında baş verib. Bundan başqa, dərmanların saxlanma şəraitinə düzgün əməl edilməməsi də zəhərlənməyə rəvac verir.
Müsahibimiz son aylarda zəhərələnənlərin statistikasını da açıqladı. Onun sözlərinə görə, dərman zəhərlənməsi ilə iyun ayında 11, iyulda 9, avqustda isə bu günə (dünən) olan məlumata görə 10 nəfər müraciət edib.
Xatırladaq ki, “Dərman vasitələri haqqında” qanunda dərmanların saxlanma qaydası, keyfiyyətsiz dərmanların idxalı, satışa buraxılması, onların öz dozalarına uyğun apteklərdən düzgün buraxılmaması ilə bağlı məsuliyyət nəzərdə tutulur. Özü də təkcə inzibati xarakterli olmayıb, cinayət xarakteri də daşıyır. Bu zaman apteklərin də üzərinə böyük məsuliyyət düşür.
Dərman ayrı, dərman əlavəsi ayrı
Əczaçı Azər İsmayılov isə zəhərlənmələrin keyfiyyətsiz dərmanların qəbulundan yaranması fikrini qəbul etmir. O, hesab edir ki, ölkəyə idxal zamanı laboratoriya yoxlamalarından keçməyən dərmanlar satışa çıxarılmır, istifadə müddəti bitmiş dərmanlar isə əczaçılıq bazarından yığışdırılır: “Zəhərlənmə zamanı ilk növbədə xəstənin dərmanı hansı dozada və nə vaxt qəbul edildiyi müəyyənləşməlidir. Bu informasiya toksikoloq üçün çox əhəmiyyətli olur. Əgər dərmanı qəbul edən xəstə hələ özündədirsə, ona təcili olaraq 1 litrədək ilıq duzlu su vermək və qusdurmaq, bundan sonra isə ona hər 10 kq üçün 0,5-1 qram hesabı ilə aktivləşdirilmiş kömür vermək lazımdır.
Huşun itirilməsi zamanı zərərçəkənin düzgün nəfəs almasına imkan yaratmaq üçün onu düz istiqamətdə uzatmaq gərəkdir. Hər 1-2 dəqiqədən bir xəstənin nəfəs alıb-almamasını yoxlamaq, ehtiyac olarsa, ona süni nəfəs verməyə başlamaq lazımdır. Bundan əlavə, dərmanların içlik vərəqlərində də göstərilir ki, onun hansı əlavə təsirləri ola bilər. Odur ki, reaksiyanın səbəbini müəyyənləşdirmək lazımdır. İlk baxışdan demək olmaz ki, dərman köhnəymiş deyə zəhərlənmə verib".
Azər İsmayılov deyir ki, çox vaxt tibbi yardım briqadaları dərmanın əlavə təsirlərindən zərər çəkəni dərman zəhərlənməsi adı ilə xəstəxanaya aparırlar, amma bu da çox zaman təsdiqlənmir: “Belə hallarda xəstənin vəziyyəti pisliyə doğru dəyişsə də, müayinə zamanı dərman zəhərlənməsinin əlamətləri müşahidə edilmir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldığı üçün tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir.
Dərmanın əlavə təsirləri ilə dərman zəhərlənməsi arasında fərq var. Dərmanın əlavə təsirləri allergik reaksiya kimi özünü büruzə verir. Bu zaman dəridə qızarma olur, baş gicəllənmə yaranır. Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyi və hansı tip dərmandan baş verdiyi təsdiqlənir".
Naibə QURBANOVA