Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Biləsuvar rayonunda keçirib.
Birlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, bu gün Azərbaycan müasir olduğu qədər milli-mənəvi dəyərlərinə də bağlıdır.
Onun sözlərinə görə, milli və mənəvi dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür:
“Xüsusilə, gənclərin milli adət-ənənələrinə sahib durması söykökünə sayğıdan, diqqətdən başqa, həm də bu məmləkətin varlığını özündə ehtiva edir. Əminəm ki, vaxtilə bizim qoruyub saxladığımız milli adətlər, mənəvi dəyərlər bugünkü gənclərimiz tərəfindən gələcək nəsillərə ötürüləcək”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün milli adət-ənənələrlə yanaşı, həm də mənəvi dəyərlərin mühafizə olunmasına, layiqincə yaşadılmasına ehtiyac var.
Onun sözlərinə görə, gənclərin şovinist, uydurma deyil, həqiqi mənəvi dəyərlərə sahib olması dövlətçiliyimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaq:
“Bu gün Azərbaycan dövləti regionda tolerantlığın həqiqi təminatçısıdır. Məhz dövlətimizin, eləcə də xalqımızın böyüklüyü və müdrikliyi sayəsində Yaxın Şərqdəki qanlı hadisələr heç vaxt Azərbaycanda olmayıb. Bu gün də xaricdən maliyyələşən yad qüvvələrin vətənimizdə bölücü fəaliyyətlər aparmasına əngəl olmalı, bu işdə dövlətimizə dəstəyimizi göstərməliyik. Hər bir azərbaycanlı gənc bunu da bilməlidir ki, onun cihad yeri doğma Qarabağ və istinad nöqtəsi isə Seyid Mübariz İbrahimov olmalıdır."
Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin İctimai Siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Kamil Qurbanlı mövzu ətrafında fikir bildirib.