Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının Müşaviri Dr. Fatima Alsmadini qəbul edib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb. M.Qurbanlı bildirib ki, respublikamızda bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: “Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər”.
Daha sonra M.Qurbanlı Dr.Fatima Alsmadinin komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə Televiziyasının Müşaviri Dr.Fatima Alsmadi ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi olduğunu vurğulayıb.
Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının Müşaviri Dr. Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.
BƏXTİYAR