“Hazırda Tovuz rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 9 fərdi ev tikilir. Həmçinin Ağstafa rayonunda 6, Qazax rayonunda 14, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 4 fərdi ev inşa olunur. Onlar iki və üçotaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış şəraiti yaradılır”.
Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuz rayonunda Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşündə deyib. O, həmçinin müharibə əlilləri və şəhid ailələri üçün 52 rayonda inşa olunan 375 fərdi evdən bir qisminin tikintisinin artıq yekunlaşdığını və istifadəyə verilməsinə başlanıldığını vurğulayıb:
“Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış binası da tikilir. Eyni zamanda, həmin insanlar üçün hazır binalardan mənzillərin alınması və təmiri işləri aparılır”.
S.Müslümov inşa olunan mənzillərin yalnız Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulduğunu, belə şəxslərin isə dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən növbəyə alındığını diqqətə çatdırıb:
“Eyni zamanda, dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaqdan ötrü növbəyə dayanmaq istəyən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər müvafiq ərazi üzrə TSEK tərəfindən müayinə edilərək əgər minik avtomobilinə tibbi göstəriş müəyyən olunduğu təqdirdə növbəyə yazıla bilərlər. Cari ilin ilk yarımilində bu məqsədlə TSEK-lərə müraciət edən şəxslərin müvafiq müayinəsi aparıldıqdan sonra onların 297 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azdır”.
5 rayonun sakinlərini fərdi qaydada qəbul edən nazirə müraciətlər əsasən məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı və s. məsələlərə aid olub.
Hər bir müraciət diqqətlə dinlənilib və qəbul zamanı bir sıra vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi yerindəcə həll edilib, onların aidiyyəti ərazi üzrə fəaliyyət göstərən müəssisələrdə boş (vakant) iş yerlərinə göndərişlə təmin olunması üçün tapşırıqlar verilib.