Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə bu gün Quba şəhəri “Ərdəbil” məscidində dindarların iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycanda sülh və dözümlülük mədəniyyəti və milli – mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Ombudsman Aparatının Quba Regional İdarəsinin direktoru Bəhruz Əfəndiyev, Quba, Qusar və Xaçmaz rayonları üzrə bölgə qazısı, “Ərdəbil” məscidinin axundu Hacı Naib Səttarov iştirak ediblər.
Hacı Naib Səttarov tədbiri açaraq bildirib ki, həyata keçirilən bu tədbirlərin hər biri dindarlar arasında maafrifləndirmə işinin aparılmasına xidmət etməklə yanaşı dindarların öz hüqülarını və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur.
Daha sonra DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri E.Nurullayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən sülh və dözümlülük və milli – mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq sərəncamını rəhbər tutaraq bölgəyə daxil olan rayonlarda dindar kontingentlə vaxtaşırı görüşlər keçirilərək maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Daha sonra B. Əfəndiyev çıxışı zamanı Ombudsman Aparatının həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən bəhs edib.
Tədbirin yekununda E. Nurullayev Quba şəhəri “Ərdəbil” məscidinə Azərbaycanda tolerant mühiti özündə əks etdirən “Azerbaijan – Land of Tolerance” nəfis tərtibatlı, ingilis və ərəb dillərində nəşr edilmiş kitabı hədiyyə edib.
BƏXTİYAR