"Üzeyir Hacıbəyli", "Natəvan", "Teymur Əhmədov" beynəlxalq sualara çıxıb
Oktyabr ayında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Qapalı Səhmdar Cəmiyyəti (QSC) kimi fəaliyyətə başlamasının iki ili tamam olur. Bununla bağlı qurumda görüləcək işlər barədə QSC-nin mətbuat katibi Ceyhun Əsgərovdan məlumat aldıq.
Ceyhun Əsgərovun sözlərinə görə, kollektiv qarşısında ölkə rəhbərliyi əhəmiyyətli vəzifələr qoyub, bu səbəbdən görüləsi işlər çoxdur: "Həyata keçirilən işlərlə bağlı ictimaiyyətə məlumat veririk və bu prosesi davam etdirəcəyik".
Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 22 oktyabr 2013-cü ildə mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
Hazırda Xəzər Dəniz Gəmiçiliyinin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.
Nəqliyyat donanmasının tərkibində 97 gəmi, o cümlədən 33 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də, 35 texniki, təchizat və xidməti-köməkçi gəmi var. İxtisaslaşdırılmış donanma isə 188 gəmidən, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisindən, 84 xidməti və köməkçi gəmidən ibarətdir.
Nə, hara, nə ilə daşınır?
Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə yanaşı, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri də göstərir. Bu isə Azərbaycanda gəmiçiliyin inkişafının neft sənayesinin yaranması ilə bağlı olduğuna işarədir.
Hazırda Xəzər Dəniz Gəmiçiliyi dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid qurumda birləşdirir. QSC-də üç istiqamətdə daşınmalar həyata keçirilir - maye yük daşımaları, quru yük daşımaları, bərə və Ro-Ro daşımaları.
Maye yük daşıyan gəmilər Aktau (Qazaxıstan), Türkmənbaşı, Alaca, Oğuzxan, Kiyanlı (Türkmənistan), Mahaçqala (Rusiya), Ənzəli, Nouşəhr, Neka, Fereydun-Kənar, Əmirabad (İran) limanlarından yüklərin idxal və ixracını həyata keçirir. Yükdaşımaların əksər hissəsi Aktau-Bakı (Dübəndi, Səngəçal) və Türkmənistan- Bakı (Dübəndi, Səngəçal) istiqamətlərində nəql edilən neft və neft məhsullarının payına düşür.
QSC-nin quru yük gəmiləri Xəzəryanı ölkələrin limanları arasında müntəzəm səfərlər edir. Quru yüklərin daşınmasına 8 ədəd "Nizami" tipli, 2 ədəd "Teymur Əhmədov" tipli, habelə "Maestro Niyazi" və "Mahmud Rəhimov" gəmiləri cəlb olunub.
Gəmilərin işlədiyi əsas istiqamətlər Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Əmirabad-Bakı, Bakı-Aktau-Əmirabad, Aktau-Əmirabad-Aktau, Aktau-Əmirabad- Bakı xətləridir. Bu istiqamətlərdə taxıl, sement, konteyner, klinker, boru, polipropilen, dəmir qırıntısı daşınır.
Bərə və Ro-Ro daşımalarına gəlincə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər hövzəsində gəmi-bərə donanmasına malik yeganə şirkətdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində dəmiryol vaqonları və sərnişinlər, eləcə də, avtomobillər "Dağıstan" tipli (28 vaqon götürən) 7 bərə, "Akademik Zərifə Əliyeva" tipli (52 vaqon götürən) 4, "Bərdə" tipli (54 vaqon götürən) 2, habelə "Bəstəkar Qara Qarayev" tipli 2 Ro-Ro gəmisi ilə Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı istiqamətlərində daşınır.
Yüklər əsasən neft, ərzaq və kənd təsərrüfatı məhsulları, tikinti materiallarından ibarətdir.
İyirmi ikinci gəmi...
Gəmilərin təmirinə gəlincə, "Bibiheybət" və "Zığ" gəmi təmiri zavodlarında tankerlərin, universal quru yük, sərnişin və yedək gəmilərinin, gəmi-bərələrin, üzən qazma qurğularının təmiri aparılır. Zavodlarda habelə gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, dalğıc və sualtı hidrotexniki işlər, gəmilərin doka qaldırılaraq sualtı gövdə, sükan və vintlərinin yoxlanılması kimi işlər görülür.
Sonuncu dəfə isə "Bəstəkar Fikrət Əmirov" gəmisinin əsaslı təmiri yekunlaşıb. Bu, cari ildə "Zığ" Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan 22-ci gəmi olub.
Üç gəmi inşa edilir
Hazırda Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyi üçün 80 nəfərlik 3 sərnişin gəmisi inşa edilir.
Ceyhun Səfərov deyir ki, hər 3 gəminin gövdəsi tam hazırdır və indi mexanizmlərin, sistemlərin quraşdırılması prosesi gedir: "Bu il təhvil verilməsi planlaşdırılan ilk gəmidə yanacaq, yağ və su sisternlərinin hidravlik sınaqları artıq uğurla yekunlaşıb. Digər iki gəmi isə gələn il hazır olacaq".
Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu isə mövcud QSC-yə məxsus gəmilərlə müqayisədə 2 dəfə çoxdur.
Yeni gəmilər öz göyərtələrinə 10 tona qədər müxtəlif yüklər də götürə biləcəklər. Beləliklə, neftçilərin və müvafiq yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.
Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda
Mətbuat katibi deyir ki, zavodda gedən işlər Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığı aradan qaldırmağa imkan verəcək: "Bu günlərdə "Qaradağ" və "Teymur Əhmədov" quru yük gəmiləri Xəzərdən kənar beynəlxalq yükdaşımalara cəlb edilib. Ötən ilin sonunda ilk səfərləri ilə donanmamızın xarici sulara qayıdışını təmin edən "Üzeyir Hacıbəyli" və "Natəvan" gəmiləri də Qara dəniz-Aralıq dənizi hövzəsində üzür. Beləliklə, gəmiçiliyimiz beynəlxalq sularda fəaliyyətini genişləndirmək istiqamətində ardıcıl addımlar atmaqdadır. Sirr deyil ki, təklifi tələb formalaşdırır və əgər bu gün 4 gəmimiz beynəlxalq sularda üzürsə, deməli, buna tələbat var".
Naibə Qurbanova