Sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkminləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Mərkəzi Bank və İpoteka Fondu bununla bağlı yeni layihə hazırlayıb.
Vergilər Nazirliyinin məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni təkliflər paketində mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli məqsədi ilə kredit faizlərinin aşağı salınması, aylıq ödəniş məbləğinin azadılması və ipotekanın regionlarda geniş tətbiqi əks olunub. Komitənin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq maliyyə-bank təşkilatlarının təcrübəsi və bu sahə üzrə tanınmış xarici ekspertlərin rəyləri nəzərə alınıb.
Sosial ipotekanın Amerika və Almaniya modelini məqbul sayan Mərkəzi Bank isə həmin ölkələrin təcrübəsinə əsasən əldə edilmiş məlumatlar üzrə müxtəlif təhlillər aparıldığını bəyan edib. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial yardımla kifayətlənmək məqsədəuyğun hesab edilmir.
Sosial ipotekanın mənbələri dövlətin maliyyə resursları ilə yanaşı, digər əlavə mənbələr hesabına formalaşır. Maliyyələşmə mənbələri kimi qiymətli kağızlardan, kredit və qrantlardan, həmçinin Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin səhm və istiqrazlarından da istifadə oluna bilər. Əhalinin öz yığmaları hesabına ipoteka kreditləri əldə etməsi, bank olmayan kredit təşkilatlarının bu prosesə cəlb olunması məsələsi də nəzərdən keçirilir. Bu mənbələr hesabına ipoteka rezervlərini ən azı 2-3 dəfə artırmaq mümkündür.
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, yaxın günlərdə hökümətə təqdim olunacaq sənəddə nəzərdə tutulan mühüm məsələlər sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılmasıdır. Beynəlxalq təcrübəyə, o cümlədən Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin “ekonom klass” mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir.
Bundan başqa, dövlətin ayırdığı maliyyə vəsaitləri hesabına ipoteka bazarı iştirakçılarının tələblərini tamamilə ödəmək mümkün olmadığından alternativ variantların tətbiqi də istisna edilmir. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması zəruridir.
Yeni strategiya çərçivəsində əhalinin öz yığmaları hesabına birbaşa ipoteka ilə mənzil alınması da məqsədəuyğun hesab olunur. Bu, Almaniyanın tikinti-əmanət bankları modeli təcrübəsinə əsaslanır.
Məsələ müzakirəyə çıxarılacaq
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə yeni proqrama sosial evlər modelinin tətbiqi ilə bağlı layihənin daxil edilməsinin vacib saydığını bildirib. Millət vəkili vurğulayıb ki, sosial ipoteka kreditlərinin verilməsinə baxmayaraq, ehtiyacı olan minlərlə ailənin mənzil ehtiyacını həll etmək mümkün olmur. İpoteka kreditlərini ödəməyə gənc ailələrin əksəriyyətinin imkanı çatmır, orta aylıq əməkhaqqı həcmində maaş yalnız onların aylıq istehlak xərclərinə kifayət edir. Buna görə də ipoteka kreditləri üçün aylıq ödənilən məbləğdən 2-3 dəfə aşağı həcmdə ödənişlə mümkün olan sosial evlər layihəsini rellaşdırmaqla on minlərlə insanın mənzil problemini həll etmək mümkündür.
Sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur.
Məsələn, 75 kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir.
Milli Məclisin payız sessiyasında sosial mənzillərin tikilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.
Mənzil bazarında qiymət amilinə diqqət yetirmək lazımdır
Məsələyə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyir ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət büdcəsindən bu ilin sonunadək Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fonduna (AİF) 200 milyon manat vəsait ayırmaq haqda göstərişin yerinə yetirilməsinə paralel olaraq təbii ki, ipoteka kreditlərinin verilməsi qaydalarına da dəyişikliklər etmək və yumşaldılmalar aparmaq tələb olunur: “Məlumdur ki, hazırda adi ipoteka kreditlərinin maksimum məbləği 50 min manat olmaqla 25 illik müddətinə ildə 8 faizlə, ilkin ödənişi isə 20 faizlə, sosial (güzəştli) ipoteka isə maksimum yenə 50 min manat olmaqla 30 ilə, illik 4 faizlə, ilkin ödənişi isə 15 faiz təşkil etməklə verilir.
Ümumiyyətlə, ölkədə bütövlükdə ipoteka mexanizminə yeni yanaşma lazımdır. Variant çoxdur. Lakin ən əsası odur ki, ipotekanın tikinti sektoruna inkişafına xidmət etməsinə və dövlətin bunun vasitəsilə daşınmaz əmlak bazarına nəzarət etməsinə nail olunsun. Azərbaycanda da hökumətin siyasəti məhz buna gətirib çıxarmalıdır. Bunun üçünsə ilk növbədə mənzil bazarında qiymətlərin formalaşması amillərinə diqqət yetirmək lazımdır. O səbəbdən ki, bizdə əhalinin yaşayış mənzillərinə tələbatı nə qədər yüksək olsa da, mənzil bazarında qiymətlər real alıcılıq qabiliyyəti əsasında təşəkkül tapmır və olduqca yüksək xarakter daşıyır".
Yalnız sosial ipoteka üçün...
Ekspert deyir ki, ölkə rəhbərliyinin sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə müvafiq qurumlara verdiyi tapşırıqlara uyğun olaraq irəli sürüləcək istənilən variantın uğurlu alınması məhz bu amilin həllindən asılıdır: “Digər bir məsələ isə, Prezidentin göstərişinə əsasən ilin sonunadək ayrılacaq 200 milyon manat vəsaitin nəyə görə həm sosial, həm də adi (kommersiya) ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasına sərf olunacağı məsələsidir.
Yəni, söhbət bilavasitə dövlət tərəfindən İpoteka Fonduna ayrılan vəsaitin 200 milyon manat artırılacağından gedirsə, bu vəsaitdən adi ipotekanın maliyyələşdirilməsində istifadə edilməli deyil. Çünki məlum olduğu kimi, güzəştli ipoteka kretidləri dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir, adi ipoteka isə İpoteka Fondunun öz hesabına. Başqa sözlə desək, müvafiq istiqrazlar emissiya edilərək yerləşdirilməklə cəlb olunan vəsaitlər hesabına ödənilir. Fikrimizcə, ayrılacaq 200 milyon manat sırf sosial (güzəştli) ipoteka üçün istifadə olunmalıdır".
Naibə Qurbanova