2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası nəzdində 751 həkimin və 1011 orta tibb işçisinin çalışdığı 21 köməkçi yardım stansiyası və 20 filial fəaliyyət göstərir. Xidmətin köməkçi stansiyaları tibbi yardıma ehtiyacı olan vətəndaşların cağrılarına ən qısa zaman ərzində yetişmək üçün şəhər və ətraf kəndlərdə əhali sıx məskunlaşdığı ərazilərdə yerləşdiriliblər.
Gün ərzində xətdə 141 səyyar briqada növbə tutur, 23 ARB (o cümlədən iki pediatrik briqada), səyyar laboratoriya, səyyar rentgen briqadası fəaliyyət göstərir. Hər ay Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Bakı və ətraf kəndlərin 12 rayonunun ərazisində təqribən 56-57 min xəstəyə yardım edir.
Xatırladaq ki, dünyada ilk dəfə ilkin tibbi yardım 19-cu əsrin sonlarında, Azərbaycanda isə ilk təcili tibbi yardım xidməti 1922-ci ildə yaradılıb.
Naibə QURBANOVA