Sabah axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi üstünlük təşkil etməyə başlayacaq. Sentyabrın 10-11-də də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 9-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubutliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsiz olacaq. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amil olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.