9 Sentyabr 2015 10:33
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.


Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib. Qəbul olunub ki, hər iki ölkə bir sıra oxşar xüsusiyyətləri var, bu baxımdan turizm sahəsinə turistlərin diqqətini cəlb etmək mümkün olacaq.

Nazir həmçinin, iki ölkəni əhatə edən Şərab Yolu, Aleksandr Düma Qafqazda kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs edib.

Qeyd olunub ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hal-hazırda da müxtəlif layihələr həyata keçirilməsinə əsas verə bilər.

Gürcüstanın turizm üzrə rəhbəri Giorgi Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat verərək, həyata keçirilmiş layihələrdən bəhs edib. Giorgi Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda kino filmlərin çəkilməsi, video çarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.

Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycanda çəkilişləri aparılan məhşur "Əli və Nino" filminin Tiflisdə də bəzi çəkilişlərinin aparılması artıq bu sahədə görülən işlərdən biri sayıla bilir.

Görüş zamanı nazir həmçinin, Administrasiyanın Azərbaycanda işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə görüşlər aparmasını, həmçinin yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə işlər aparılması üçün Azərbaycan Turizm Assosiasiyası ilə görüşlər təşkil olunmasını təklif edilib.

Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı turizm məqsədi ilə səfər edən turistlərin marağına səbəb olacaq iki ölkənin birgə təkliflərlə çıxış etməsi məsələləri üzrə də fikir mübadiləsi aparılıb.

Həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələri müzakirə olunub.

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

İLHAMƏ


Müəllif: