11 Sentyabr 2015 12:43
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD hakerləri "Əmrahbank"ın saytına kiber hücum etdikdən sonra bankın məxfi məlumatlarını yayıblar.

Axar.az xəbər verir ki, özlərini "İslamik Kiber Armi" adlandıran İŞİD hakerləri saytı dağıtdıqdan sonra bankın müştəriləri barədə məlumatları öz Tvitter səhifələrindən paylaşıblar.

Təşkilat eyni zamanda sosial şəbəkədə yerləşdirdiyi xəbərdarlıqda bildirib ki, çox sayda bank, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb: “Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik”, - hakerlərin xəbərdarlığında deyilib. Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən Baku.ws-ə verilən məlumata görə, kiber təşkilatın bu iddiaları tam əsassızdır və dövlət saytlarına heç bir hücum olmayıb. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb. Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xüsusi olaraq qeyd edək ki, İŞİD hakerlərinin bu “hədəsi” gülünc iddiadan başqa bir şey deyil. Azərbaycan İŞİD terror təşkilatına qarşı mübarizə aparan hərbi koalisiyaya qoşulmayıb, Suriya və İraqdakı anti-terror əməliyyatlarına hərbçiləri və yaxud aviasiyası ilə dəstək vermir, hətta Azərbaycan Milli Məclisi İŞİD-i rəsmən terror təşkilatı da elan etməyib. Ölkəmizdə İŞİD-in terror təşkilatı olduğu barədə yalnız siyasi mövqe ortadadır. Belə halda İŞİD hakerlərinin “bizə qarşı olan müharibəni dayandırmasanız…” şərti ilə “təhdidi” heç bir məntiqlə izah oluna bilməz.


Müəllif:

Oxşar xəbərlər