Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam etdirilir. İrimiqyaslı hərbi təlimlər bütün xalqımız kimi Ağdam rayon ictimaiyyətinin də qələbəyə inamının daha da artmasına səbəb olub.
Bayraq Meydanına toplaşan ağdamlılar bu bayrağın tezliklə işğal altında olan torpaqlarda dalğalanacağına əminliklərini bildiriblər.
“Xalq və Ordu birdir” şüarı ilə keçirilən tədbirdə qeyd olunub ki, ağdamlılar xalqımızın qəhrəmanlıq salnaməsinə unudulmaz səhifələr yazıblar. Yeddi minədək ağdamlı 1941-1945-ci illərdə Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçərək faşizm üzərində Qələbənin qazanılmasında iştirak edib. Qarabağda ilk atəş səsləri eşidiləndə Ağdam könüllüləri silaha sarılaraq döyüş meydanlarına atılıb, mindən atrıq döyüşçü şəhidlik zirvəsinə ucalıb, 1500 nəfər sağlamlığını itirib. Hazırda Silahlı Qüvvələrin qoşun növlərində yüzlərlə ağdamlı hərbi qulluqçu Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər.
Bildirilib ki, keçirilən irimiqyaslı hərbi təlimlər xalqın döyüş ruhunu daha da artırıb. Hər kəş döyüşə atılmaq, düşmən üzərində qələbə çalmaq əzmi ilə yaşayır. Müdafiə Nazirliyinin son uğurları, hər gün atəşkəs rejimini bir neçə dəfə pozan Emənistan silahlı bölmələrinin susdurulması, kəşfiyyat-təxribat qruplarının öncədən aşkarlanaraq qarşısının vaxtında alınması hər bir Ağdam sakinin də böyük sevincinə səbəb olub.
Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Baxşeyiş Abbasoğlu ağdamlıların bütün cəbhələrdə rəşadət və şücaət nümunələri göstərdiklərini, 16 nəfərin Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldüyünü böyük iftixar hissi ilə qeyd edib. O, Qarabağ müharibəsi veteranlarının bu gün də Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını vurğulayıb.
Ağdam rayon Gənclər və İdman İdarəsinin müdiri Elnur Əhmədov Ağdam rayonunda da gənclərin vətənpərvərlik tərbiyəsi işinin prioritet məsələlərdən olduğunu bildirib.
Komanda qərargah hərbi oyunlarından tədbirə gələn Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani ordumuzun arxasında bütün xalqın durduğunu və Azərbaycan əsgərinin bundan güc aldığını vurğulayıb. O, hərbi oyunlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi Ağdam filialının sədri Rafayıl Zeynalov xalqımızın ümummilli lideri Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli xalqa müraciətini xatırladaraq vurğulayıb ki, o vaxtlar ilk olaraq ulu öndərin çağırışına Əfqanıstanda vuruşmuş azərbaycanlı döyüşçül səs verdilər. 4500-dən çox keçmiş döyüşçü dahi rəhbərin xeyir-duası ilə döyüşlərə yollanıb, onlardan 8-i Milli Qəhrəman adına layiq görülüb. Bu Milli Qəhrəmanlardan biri də məhz Ağdam rayonunun yetirməsidir.
“Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov sağlamlıqlarını döyüş meydanlarında itirsələr də, yenə Vətən uğrunda canlarından, qanlarından keçməyə hazır olduqlarını bəyan edib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayon ictimaiyyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək icra aparatı rəhbərliyinin də bu tədbirə böyük həvəslə qoşulduğunu bildirib. Qeyd edib ki, ağdamlılar bundan sonra da Silahlı Qüvvələrimizə arxa-dayaq duracaq və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrinə hər an hazır olacaqlar.
Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının sədaları altında başa çatıb.
BƏXTİYAR