31 May 2014 13:08
779

Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil edilən "Ən yaxşı bloq" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır. O, müxtəlif fənlər üzrə hazırlanan bloqların yaradılmasının internetdə Azərbaycan dilli elektron təhsil resurslarının artmasına və onların zənginləşdirilməsinə kömək olduğunu bildirib.

Tədbirdə bildirilib ki, Təhsil Problemləri İnstitutu və "Demokratik Gənclər" İctimai Birliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil etdiyi "Ən yaxşı bloq" müsabiqəsinə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 50-yə qədər iş təqdim olunub. Müsabiqənin şərtlərinə uyğun olaraq onlardan 39-u seçilib.

Müsabiqənin şərtlərinə görə, işlər "Blogspot.com" saytında hazırlanmalı; hazırlanan bloqda "Heydər Əliyev və müasir Azərbaycan təhsili" bölməsi öz əksini tapmalı idi. Bloqda öz əksini tapan bütün məlumatlar müəllifin özü tərəfindən deyil, digər insan tərəfindən hazırlanıbsa, o zaman müəlliflik hüquqlarının qorunmasına diqqət yetirilməli, istifadə edilmiş hər materialın mənbələrinə istinad mütləq göstərilməli idi.

Müsabiqədə qaliblər "Ən yaxşı dizayn", "Ən yaxşı məzmun, "Ən yaxşı veb-resurs", "Xüsusi bloqçu", "Ən fəal tələbə və ən fəal şagird" nominasiyaları üzrə mükafatlandırılıblar.


Müəllif: