22 Sentyabr 2015 18:36
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) yaradılmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən BAMF-ın sədri, BMİ-nin idarə heyətinin üzvü Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun dünyanın aparıcı media qurumları arasındakı mövqeyindən danışıb. BMİ-nin azad sözün müdafiəsi, jurnalistikanın inkişafı, ifadə azadlığının qorunması istiqamətində fəaliyyətindən söz açan BAMF-ın sədri bu ali media qurumunun Azərbaycan Milli Komitəsinin fəaliyyətindən bəhs edən məlumatları diqqətə çatdırıb.

U.Mirzəyev bildirib ki, BAMF 2004-cü ildən BMİ-nin üzvüdür. 2011-ci ildən isə bu təşkilatın ali qurumunda – idarə heyətində təmsil olunur və BMİ-nin fəaliyyətində söz sahibi olan təşkilatlardandır. BMİ-nin Gürcüstan, Qazaxıstan, Qırğızıstan milli komitələrinin yaradılmasında yaxından iştirak edən BAMF institutun Bakı Regional Təşəbbüs Mərkəzinin koordinatoru olaraq bu nəhəng media şəbəkəsinin fəaliyyətinin daha geniş spektrdə qurulması istiqamətində işlər görür.

Yaxın zamanlarda BMİ-nin Yaxın Şərq və Şərqi Asiyada milli komitələrinin yaradılacağını qeyd edən Umud Mirzəyev CNN, BBC, “Al Jazeera” kimi iri media şəbəkələrinin təmsil olunduğu BMİ-nin bu gün dünyanın 156 media qurumu ilə əməkdaşlıq etdiyini vurğulayıb. “Sevindirici haldır ki, BAMF olaraq bu ali qurumun idarə heyətində Azərbaycanı təmsil edirik”, – deyən U.Mirzəyev BMİ-nin fəaliyyətinin dünyada media və ifadə azadlığına töhfə olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Mətbuat İnstitutu, İkinci dünya müharibəsindən sonra, 1950-ci ildə yaradılıb. 15 ölkədən 34 redaktorun iştirakı ilə yaradılan və baş ofisi Vyanada yerləşən institut mətbuat azadlığının qorunması və təşviqi, həmçinin jurnalist təcrübələrinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, təlim və treninqlərin keçirilməsi, dünyada medianın vəziyyəti ilə bağlı hesabatların hazırlanması istiqamətində fəaliyyət göstərir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər