29 Sentyabr 2015 17:58
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Astara rayon İcra Hakimiyyətində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edirlər.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib. O, çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərdən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.

Sovet dönəmində, ateizmin hökm sürdüyü bir dövrdə Azərbaycanda milli -mənəvi dəyərlərin qorunduğunu vurğulayan M.Qurbanlı bu ənənənin bu gün ölkəmizin bütün regionlarında davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, multikulturalizm və tolerantlıq ölkəsi olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Sovet İttifaqı dövründə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2500-ə çatdırılıb.

Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini vurğulayan M.Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.

İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.

Ənənəvi İslam dəyərlərini qoruyub saxlamağın və bu dəyərləri olduğu kimi insanlara çatdırmağın qarşıda duran ümdə vəzifələrdən biri olduğunu vurğulayan komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırdı.

Konfransda Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov mövzu ilə bağlı çıxış ediblər.

İkigünlük regional konfrans öz işini sentyabrın 30-da plenar iclaslarda davam etdirəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər