“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionun gənc seçicisi” layihəsi çərçivəsində Quzanlı qəsəbəsində maarifləndirmə tədbiri təşkil edib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, rayon ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin idarə heyətinin üzvü Zahid Əkbərov çıxış edərək, layihə haqqında məlumat verib. O bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır.
Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev və digər çıxış edənlər seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıblar.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanıb.
Beş gün davam edəcək layihə çərçivəsində Bərdə və Tərtər rayonlarında da təlimlər keçiriləcək.
BƏXTİYAR